Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır

Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır

 

 

Artıq koronavirus pandemiyasının dünyada geniş yayılmasından 1 il 6 aydan çox vaxt keçib. Ötən bu müddət ərzində COVID-19 dünyada pandemiyaya çevrilməklə bütün ölkələrin iqtisadiyyatlarına ciddi zərbə vurdu. Koronavirus son onilliklərin ən geniş yayılmış xəstəliyi olmaqla insanların bütün həyat tərzini dəyişdi. Bu dəyişikliklər özü ilə yeni reallıqları da gətirdi. Dünyada tibbi maska və digər tibbi avadanlıqlarla bağlı çatışmazlıqlar yarandı. İlk vaxtlarda hətta dünyanın bəzi ölkələrində vəziyyət nəzarətdən çıxdı. Bir sıra ölkələr isə yaranmış borc səbəbindən beynəlxalq təşkilatlardan yardım istədi.


Bu sözləri  Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.
“Təbii ki, Prezident İlham Əliyevin göstərişinə əsasən vaxtında atılmış addımlar nəticəsində ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısı dərhal alındı. Dövlətimizin başçısının göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiqləndi. Habelə ötən il fevralın 27-də koronavirusun Azərbaycan ərazisində törədə biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Azərbaycanın tibbi təchizat baxımından xaricdən asılılığını aradan qaldırmaq məqsədilə tibbi maska istehsal edən müəssisə istifadəyə verildi, dövlətimizin başçısının göstərişi əsasında qısa müddətdə “Yeni Klinika” tibb mərkəzi, həmçinin modul tipli xəstəxanalar fəaliyyətə başladı”, - deyən Adil Əliyev bildirib ki, xəstəliyə qarşı aparılan sistemli mübarizə qısa müddətdə müsbət nəticəsini verməyə başladı. Virusa yoluxanların sayının azalması isə görülən işlərin səmərəliliyinin əsas göstəricisi oldu.


Milli Məclis sədrinin müavini qeyd edib ki, infeksiyanın yayılmasının ilk vaxtlarından əhalinin sağlamlığı ilə yanaşı, onun rifahının qorunması da prioritet istiqamət kimi müəyyənləşdirildi. Aztəminatlı və işsiz şəxslərə, habelə pandemiyadan ziyan çəkmiş sahibkarlara dövlət tərəfindən müavinətlər, kompensasiyalar verildi. Eyni zamanda, ölkəmiz tərəfindən vaksinin əldə olunması prosesi sürətləndi. Nəticə etibarilə Azərbaycan dünyada vaksini əldə edən və istifadəyə başlayan ilk ölkələrdən biri oldu. Vaksinasiya prosesində müsbət dinamika hazırda da özünü göstərməkdədir. Baş verən proseslər göstərdi ki, insanların normal həyata qayıtmasının, bu xəstəlikdən birdəfəlik yaxa qurtarmasının yolu vaksinasiyadan keçir. Təbii ki, vaksinasiya əvvəllər də müxtəlif xəstəliklərin qarşısının alınmasında olduqca mühüm rol oynayıb. Ölkəmizdə vaksinasiya sahəsində aparılmış uğurlu siyasət nəticəsində artıq vətəndaşların 4 növ vaksin seçimi var. Vaksinlərin hər biri təhlükəsizdir, istifadəyə tam yararlıdır.


“İndiyədək ölkəmizdə 2,9 milyon insan vaksinasiya olunub, 330 min nəfər isə xəstəliyə yoluxub sağalıb. Habelə ölkəmizdə kifayət qədər vaksin ehtiyatının olduğunu nəzərə alsaq, deyə bilərik ki, yaxın vaxtlarda biz bu xəstəlikdən tam yaxa qurtara biləcəyik. Bunun üçün isə xalqımız vaksinasiya prosesində daha fəal iştirak etməli və epidemioloji sabitliyin qorunub saxlanması üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, – deyə A.Əliyev fikirlərini yekunlaşdırıb.
 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]