KRİMİNAL XƏBƏRLƏR +YENİLƏNDİ-3

KRİMİNAL XƏBƏRLƏR +YENİLƏNDİ-3

KRİMİNAL XƏBƏRLƏR

 

Təcili tibbi yardımın həkimini maşın vurdu

 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Yasamal rayonunda qeydə alınıb.

 

"Azərsu" ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

 

Hadisənin təfərrüatı araşdırılır.(report)

 

X X X 

 

Yevlax polisindən “Xaş-xaş-2021” əməliyyatı

 

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Havarlı kəndində yaşayan, əvvəllər məhkum edilmiş Elçin Şəfizadə saxlanılıb.

 

E.Şəfizadənin kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş uzunluğu 30 sm-dən 210 sm-dək, ümumi çəkisi 155 kiloqramdan artıq olan 183 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

 

X X X 

 

Binəqədidə 36 yaşlı kişi öldürüldü

 

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

X X X

 

Məzun gecəsində 17 yaşlı qız BIÇAQLANDI

 

Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.

 

DİN Mətbuat xidmətindən  bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

 

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

 

Xatırladaq ki, iyunun 16-da Ağstafa rayonunun Muğanlı kəndində "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. 17 yaşlı Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb.

 

 

 X X X 

 

16 yaşlı oğlanın döydüyü yeniyetmə ÖLDÜ

 

İyunun 20-də rayon sakini Nihad Məmişov daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölüb.

 

Baş Prokurorluqdan  bildirilib ki, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

 

İstintaqla müəyyən edilib ki, iyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

 

Cabir Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 

 

 X X X 

360 nəfərə saxta arayış verən vəzifəli şəxs həbs edildi

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinin pozulması halları ilə bağlı daxil olmuş müraciət əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

 

Rayon prokurorluğundan verilən məlumata görə, “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.

 

Faktla bağlı Yevlax rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

 

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]