ADPU-da pedaqoji (istehsalat) təcrübə uğurla yekunlaşıb - FOTO

ADPU-da pedaqoji (istehsalat) təcrübə uğurla yekunlaşıb - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 05 mart 2021-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş 2020/2021-ci tədris ilinin yaz semestrində təcrübənin təşkilinə dair qaydalara əsasən universitetdə pedaqoji təcrübə 15 fevral-24 may 2021-ci il tarixləri arasında təşkil edilmişdir. Bu barədə ADPU üzrə təcrübə rəhbəri Qəmərxanım Qəribova hesabat verib.


Hesabata əsasən, 2020/2021-ci tədris ilinin yaz semestrində ADPU-nun fakültələri, ADPK, filiallar, Davamlı təhsil və innovasiyalar, Magistratura və doktorantura şöbələri üzrə 4513 tələbəsi pedaqoji təcrübədə iştirak etmişdir. Cari ildə Covid-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil müəssisələrinə girişə məhdudiyyətin qoyulması ilə əlaqədar, təcrübənin ənənəvi şəkildə təşkili mümkün olmamış və pedaqoji təcrübənin distant (məsafədən) təşkilini təmin etmək məqsədilə “Microsoft Teams” platformasında metodistlər, pedaqoq və psixoloqlar da daxil edilməklə ixtisaslar üzrə təcrübəçi tələbələrin komandaları yaradılmışdır. Metodistlər üçün gündəlik dərs qrafiki tutulmuş və dərslər (distant formada) keçirilməyə başlanmışdır. Təcrübənin onlayn keçirilməsini nəzərə alaraq tələbələrin təcrübə müddətində yerinə yetirdikləri işlərin və qiymətləndirməyə təqdim etdikləri sənədlərin həcmi 50 faizə qədər azaldılmaqla həyata keçirilib.


Distant dərslər zamanı tələbələrə pedaqoji təcrübənin zəruri əhəmiyyəti, qaydaları haqqında məlumat verilmiş, nümunəvi dərslər keçirilmiş, müxtəlif fənlərə aid videodərslər nümayiş etdirilmiş, sınaq dərsləri üçün icmal və planların hazırlanması istiqamətində metodiki köməklik göstərilmişdir.


Bir qrup tələbənin təcrübəsi isə ənənəvi qaydada təşkil olunub. Belə ki, sosial iş ixtisasının 27 nəfər təcrübəçi tələbəsinin 14 həftə ərzində istehsalat təcrübəsinin ənənəvi qaydada təşkil edilməsinə dair “Azərbaycan Valideyn-Müəllim Assosasiyası” İctimai Birliyinin rəhbərliyi ilə razılıq əldə edilib. Pandemiya vəziyyəti ilə əlaqədar təcrübə 6 nəfərlik qruplarla həftədə iki dəfə keçirilmişdir.


Bundan başqa “LANDAU School” Ümumi Təhsil Müəssisəsi (ÜTM) ilə əməkdaşlıq çərçivəsində ilkin seçim mərhələsindən keçməklə, müxtəlif ixtisaslar üzrə 16 nəfər müvəffəq tələbənin bu müəssisədə əyani təcrübəsi təşkil olunub. SABAH qruplarının 18 nəfər tələbəsi isə “HƏDƏF Liseyi”ndə ənənəvi qaydada təcrübə keçmişlər.


“LANDAU School” ÜTM-də təcrübə keçən tələbələrdən yüksək nəticələr əldə edən 10 nəfər növbəti tədris ilində həmin müəssisənin üzvü olmaq üçün iş təklifi almışlar. Sentyabr ayından onlar müəllim və müəllim-assistent qismində fəaliyyətə başlayacaqlar.


Tarix və Coğrafiya müəllimliyi ixtisasının V kurs tələbələrinin pedaqoji təcrübəsi mayın 7-də  başa çatıb və 10 - 24 may 2021-ci il tarixlərdə çöl-tədqiqat təcrübəsi keçirilib. Əyani şəkildə keçirilməsi mümkün olmadığından çöl-tədqiqat təcrübəsinin gedişi zamanı vizual müşahidə metodu kameral müşahidə, təhlil və proqnozlaşdırma metodları ilə əvəz olunub.


Pedaqoji təcrübələrin gedişi zamanı tələbələrin davamiyyətinə ciddi nəzarət edilmişdir.


2020/2021-ci tədris ilinin yaz semestrində ADPU, onun filialları və ADPK üzrə pedaqoji təcrübənin yekununa dair hesabata əsasən, təcrübədə iştirak edən cəmi 4513 tələbədən yalnız 27 nəfər davamiyyət limitini aşdığına görə qeyri kafi (F) qiymət alıb, 4486 tələbə isə təcrübəni müvəffəqiyyətlə başa vurublar.


Pandemiya dövründə pedaqoji təcrübənin təşkilində universitetin müəllimləri təcrübənin fasiləsizliyini təmin edən ən müasir elektron sistemlərdən istifadə edərək onlayn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə səy göstərdilər, tələbələrlə ünsiyyətdə oldular və pedaqoji təcrübənin uğurla başa çatdırılmasına zəmin yaratdılar. Pandemiya şəraiti bir daha sübut etdi ki, müəllimlik alternativi olmayan bir peşədir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]