Meksikanın Seysmoloji Mərkəzi ilə RSXM arasında əməkdaşlıq başlayır - FOTO

Meksikanın Seysmoloji Mərkəzi ilə RSXM arasında əməkdaşlıq başlayır - FOTO

İyunun 17-də Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini və onun müavini Alberto Aura Gonzalez AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.


Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, mərkəzin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli səfirə ötən ilin oktyabr ayında RSXM-də qonaq olduğunu xatırladaraq, tərəflər arasında növbəti görüşün keçirilməsi təşəbbüsünə görə minnətdarlıq edib. Baş direktor mərkəzdə görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.


RSXM-nin beynəlxalq əlaqələrini genişləndirdiyini bildirən professor Qurban Yetirmişli deyib ki, Böyük Britaniyanın Oxford və Kembric Universitetləri ilə əməkdaşlığın qurulmasına dair bu ilin birinci yarısında çoxsaylı görüşlər və müzakirələr aparılıb. Yaxın vaxtlarda hər iki universitetin nümayəndələri Azərbaycana səfər edəcəklər. Baş direktor həmçinin qonaqlara Ukrayna  Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı da məlumat verib. 22 seysmik stansiyanın artıq ölkəmizə gətirildiyini bildirən professor Qurban Yetirmişli  deyib ki, həmin stansiyaların 12-si  palçıq vulkanlarının ətrafında quraşdırılacaq. Hazırda stansiyaların quraşdırılması istiqamətində intensiv iş gedir.


RSXM-nin baş direktoru görüşdə Qarabağda quraşdırılacaq seysmik stansiyalar haqqında da danışıb. “Bilirsiniz ki, ötən il bizim ölkəmizin və xalqımızın həyatında xoş hadisə oldu. Qarabağ münaqişəsinin həlli ilə bağlı Zəfər əldə olundu. Biz 30 ildən sonra öz torpaqlarımızı işğaldan azad etdik və indi Qarabağda cənab Prezidentin rəhbərliyi ilə böyük quruculuq işləri başlanıb. İşğaldan əvvəl bizim Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmik stansiyalarımız var idi. İşğal dövründə ermənilər orda hər şeyi dağıdıblar və siz özünüz də o dağıntılardan xəbərdarsınız. Bununla bağlı kifayət qədər görüntülər də var. Ona görə də indi biz azad olunmuş Qarabağımızda yeni seysmik stansiyalar quraşdıracayıq. Ümumilikdə 2025-ci ilə qədər bu proses davam edəcək və Qarabağda RSXM tərəfindən 10 seysmik stansiya quraşdırılacaq. Həmin stansiyaları quraşdırdıqdan sonra biz orda kompleks seysmoloji tədqiqatlar aparacayıq”.  


Növbəti dəfə RSXM-də olmaqdan məmnun olduğunu qeyd edən Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib ki, Meksikanın Milli Muxtar Universiteti və Meksikanın Seysmoloji Mərkəzi Azərbaycan tərəfi ilə əməkdaşlıq etməyə dair öz təkliflərini göndəriblər. Seysmoloji tədqiqatların aparılması və palçıq vulkanlarının öyrənilməsi sahəsində Azərbaycan seysmoloqlarının təcrübəsinin Meksikada maraq doğurduğunu qeyd edən səfir ölkəsinin birgə əməkdaşlığa dair ekspertlər səviyyəsində müzakirələr aparılması və saziş imzalanmasını təklif etdiyini deyib.


AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə öz çıxışında Meksika universitetləri ilə əməkdaşlığın prioritetlərinə toxunarkən bunun həm böyük beynəlxalq layihələr çərçivəsində, həm də ikitərəfli müstəvidə mümkün olduğunu bildirib. AMEA-nın vitse-prezidenti həmçinin qonaqlara Azərbaycanda palçıq vulkanlarının ətrafında seysmik stansiyaların quraşdırılmasından sonra palçıq vulkanlarının öyrənilməsində yeni bir mərhələnin başlanılacağını deyərək, bu istiq1amətdə əməkdaşlığın tərəflər üçün faydalı olacağına ümidvar olduğunu deyib.


Müzakirələr zamanı Meksika universitetlərinin RSXM-nin Böyük Britaniyanın Oxford və Kembric universitetləri ilə həyata keçirəcəyi meqalayihəyə qoşulmasının  mümkünlüyü də istisna edilməyib. Müzakirələrin nəticəsi olaraq tərəflər əməkdaşlıq istiqamətlərinə dair təkliflərin hazırlanması və bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə ediblər.


Sonda xatirə şəkili çəkilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]