Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir

Adil Əliyev: Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalandıqdan bir gün sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı tarixi əhəmiyyət daşıdı. Çıxışın əsas xəttini prezidentlərimizin dostluğu, ölkələrimizin qardaşlığı, habelə münasibətlərimizdəki mehribanlıq təşkil edir. Bu, ölkələrimizi sevməyənlərə, o cümlədən Ermənistana və onun havadarlarına açıq mesaj idi. Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı qardaşlığı xüsusi vurğulayaraq, Türkiyənin bundan sonra da daim Azərbaycanın yanında olacağını vurğuladı.


Bu fikirləri  Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən həyata keçirilən və şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsində qazandığımız Zəfər münasibətilə bir daha xalqımızı təbrik etdiyini bildirən Milli Məclis sədrinin müavini deyib: “Qardaş Türkiyə dövlətinin başçısı bu Zəfərin xalqımızın Prezident İlham Əliyevin ətrafındakı sıx birliyi, vəhdəti nəticəsində qazanıldığını, nəticədə dünya tarixində son dövrlərdə əldə edilmiş ən böyük qələbənin olduğunu bildirdi. Eyni zamanda, qazanılmış Qələbənin geosiyasi üstünlüklərinə toxunan Türkiyə Prezidenti bununla da bölgədəki münaqişənin tamamilə aradan qalxdığını, tarixi torpaqlarımızın işğaldan azad edilməklə yanaşı, sülhün də bərqərar olduğunu, gələcəkdə münasibətlərimizin daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi”.


Adil Əliyev vurğulayıb ki, Türkiyə Prezidenti, həmçinin Ermənistanın apardığı təcavüzkar siyasətin ən çox onun özünə ziyan vurduğunu bildirərək, bundan sonra həyata keçiriləcək nəqliyyat kommunikasiya layihələrinin Ermənistanın da maraqlarına uyğun olacağını, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu xətti ilə Ermənistanın birbaşa olaraq Rusiyaya çıxış əldə edəcəyini diqqətə çatdırdı. Bildirib ki, Türkiyə Prezidentinin regionun inkişafı üçün irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı Türkiyə, Azərbaycan, İran, Rusiya, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma olmaqla, bölgədə inkişafın əsas xəttini təşkil edəcək. Üstəlik, bütün bu proseslər Azərbaycanla yanaşı, Ermənistan üçün də yeni dövrün başlanğıcıdır.


“Ermənistan əzəli və əbədi torpaqlarımızı uzun müddət işğal altında saxlayaraq, dədə-baba yurdumuzu istismar etdi. Həyata keçirdikləri vandalizm siyasəti nəticəsində tarixi abidələrimiz talan olundu, məhv edilərək dağıdıldı. Ermənistanın mədəni abidələri qorumağın vacibliyini vurğulayan beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozduğunu, barbar siyasət yürütdüyünü dünya birliyi görür. Son 30 ildə Ermənistanın işğal altındakı torpaqlarımızda apardığı bu qəddar siyasət bu ölkə hakimiyyətinin təcavüzkarlıq siyasətinin ən əsas cizgiləridir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı səsləndirdiyi kimi: “Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.


Qardaş ölkənin dövlət başçısı çıxışında Şuşanın zəngin tarixə malik, habelə musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadıldığı şəhər olmasına toxunaraq, onun təkcə Azərbaycanın deyil, eləcə də Türk dünyasının tarixində mühüm yeri olan ədiblərin yetişdiyi ədəbi mühiti olan şəhər olduğunu xüsusi vurğuladı.


“Qarabağ münaqişəsinin həlli regiona yeni inkişaf vəd edir. Artıq işğaldan azad edilmiş ərazilərdə sürətlə abadlıq quruculuq işləri davam edir, ölkəmizə dost olan ölkələrin, xüsusilə də qardaş Türkiyənin bu sahədə göstərəcəyi xidmətlər hər birimizi sevindirir. Türk şirkətlərinin abadlıq-quruculuq prosesinə verəcəyi dəstək qardaşlığımızın daha bir sübutudur”, - deyə A.Əliyev vurğulayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]