Səbinə Xasayeva: "Şuşa Bəyannaməsi tarixi, dünyəvi, bəşəri bəyannamədir"

Səbinə Xasayeva: "Şuşa Bəyannaməsi tarixi, dünyəvi, bəşəri bəyannamədir"

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanı dünyanın əksər dövlətləri tanıdı. Türkiyə bu tanımanın ilki, öncülü oldu. Türkiyə Azərbaycanı qədərsiz sevinclə, ehtiramla tanıdı.
 

Müstəqil Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əlaqələr quruldu və bunlar gələcək əlaqələr üçün etibarlı təməl oldu.
 

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə iki dövlətin inkişaf istiqamətinin konturlarını müəyyənləşdirib. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin miqyası da, mahiyyəti də daim möhkəmlənməkdədir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçmişdir.
 

Tarix təsdiqləyir ki, Azərbaycan – Türkiyə münasibətləri həmişə milli, xəlqi ruha söykənib. M.Ə.Rəsulzadə ilə Mustafa Kamal Atatürkün, Heydər Əliyevlə Süleyman Dəmirəlin, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın səmimi tarixi münasibətləri iki dövlət arasında münasibətlərin başlıca zəmanəti, etimadı, ehtiramı olub. Tarix onu da təsdiqləyir ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi əlaqələrin tarixi yüz il əvvəllərlə səsləşir.
 

Yüz il əvvəl Nuru paşanın komandalığıyla Qafqaz İslam Ordusu Bakını ermənilərdən təmizlədi. O tarixdən yüz il sonra Türkiyənin qardaşlıq köməyi ilə Azərbaycanın torpaqları işğaldan azad edildi.
 

Yüz il əvvəl Qars müqaviləsi imzalandı. O müqavilədən yüz il sonra ruhumuzun şəhəri olan Şuşada Türkiyə və Azərbaycan dövlətləri arasında Şuşa Bəyannaməsi imzalandı.
 

Qars müqaviləsi sabiq SSRİ-nin tərkibində olsa da Azərbaycanın istər siyasi, istərsə də iqtisadi gücünün formalaşmasında əhəmiyyətli tarixi sənəd oldu. Qars müqaviləsi Naxçıvanın statusunu birdəfəlik həll etdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında deyib: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".
 

Yüz il əvvəl Nəriman Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”. Eyni amal Azərbaycana görə Türkiyədə də yaşanıldı.
 

“Azərbaycanın kədəri – kədərimiz, sevinci sevincimizdir”, - Mustafa Kamal Atatürk belə deyirdi.
 

“Bir millət, iki dövlət”, - Heydər Əliyev belə deyirdi.
 

“Türkiyə - Azərbaycan dostluğu sarsılmasdır, əbədidir”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyir.
 

“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyir.
 

Birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti olub, var, olacaq da. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm amillərdən biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində, hər iki dövlətin iqtisadi inkişafının təmin edilməsində müstəsna rol oynayır.
 

Azərbaycanla Türkiyə arasında siyasi sahədə də qibtəediləcək əlaqələr vardır.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə iki qardaş dövlətin başçısı kimi deyil, dostluq, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə dəyərləndirən və yaşadan siyasətçilərdir. Bu iki qardaş dövlətin başçıları bütün beynəlxalq tədbirlərdə, dünyəvi siyasətdə bir-birinə səmimi dəstək olur ki, bunu da dünya dövlətləri artıq bir qanunauyğunluq bilir.
 

Türkiyə respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfərdir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdu. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirmiş, hər iki dövlətin hakim partiyasının fəaliyyətinə münasibət bildirərək partiya funksionerlərinin fəaliyyətləri yeni çağırışlara uyğunlaşdırma zərurətini qeyd etmişdi. Hər iki dövlətin hakim partiyası qarşılıqlı fəaliyyətin bilavasitə dövlətçiliklə səsləşdiyini qürurla bildirmişdi, “Fəaliyyət Vətən üçündür” devizinə əsaslanılan əlaqə saxlanılacağını bəyan etmişdi.
 

Bu rəsmi səfər də, Azərbaycanın nümayəndə heyətinin dövlət başçısı tərəfindən bu səviyyədə qəbulu da ehtiramdan qaynaqlanır.
 

2020-ci il sentyabr ayının 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında oldu. Türkiyə dövlətinin və onun başçısının Azərbaycana göstərdiyi göstərdiyi diplomatik, siyasi dəstək bir reallığı da yaşatdı – Azərbaycan tək deyil. Bu fikri Türkiyə Respublikasının Müdafiə naziri də səsləndirmişdi. Yəni dünya gördü ki, bir zamanlar Atatürkün dediyi kəlama sədaqətlə əməl edilirirdi.
 

44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycanda hansı həyəcanlarla, hansı inamla yaşanılırdısa, Türkiyədə də həmin həyəcanlarla, həmin inamla yaşanılırdı. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin gün Zəfər günü elan edildi. Zəfər günü Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük coşqu yaratdı. Həmin gün hansı coşqu ilə “Azərbaycan!” deyildisə, həmin coşqu ilə “Can Azərbaycan!” da deyildi. Xalq şairi Səməd Vurğunun təəbirincə desək, Türkiyədə milyonlar Azərbaycana sarı “Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür!” deyildiyinə zərrəcə şübhəm yoxdur. Azərbaycanda da Türkiyəyə eyni sevgi yaşanılır.
 

2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi parad da, bu paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını da, paradda dedikləri də ududulmayacaq: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı Şuşada qarşıladı. Bu rəsmi görüşün Şuşada olması da iki dövlətin ruh eyniliyinin təsdiqidir, şübhəsiz. Ona görə də bu görüşə qarşılıqlı ehtiram görüşü deyə bilərik. Ona görə ki. bu görüş dünyanın diqqətini çəkdi. Türkiyəyə və Azərbaycana ehtiramı olan dövlətlər bu görüşü bəşəri niyyətlər görüşü kimi izlədilər.
 

Şuşa Bəyannaməsi 2020-ci ilin noyabrın 8-ni Zəfər kimi tarixləşdirən qüdrətin davamıdır. İlham Əliyev dedi: "Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik". Bu bəyanat ordusu tamamilə dağılmış Ermənistanı da, onu dəstəkləyən dövlətləri də ciddi düşündürməlidir. Vətən müharibəsində dünya Azərbaycan ordusunun gücünü, əsgər və zabitlərinin döyüş əzmini, qələbə ruhunu gördü. Onu da gördü ki, bu xalq üçün Vətən müqəddəsliyi var, Vətən müqədddəsliyini qorumaq üçün şəhidlik müqəddəsliyi var.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər işğalçı dövlətin də, liberal dövlətlərin də siyasətinin səmtini bəşəriliyə yönəldir: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu qüdrət, bu qətiyyət Zəfərin haləsi oldu. Bu Zəfər Şuşada möhtəşəm “Xarıbülbül” festivalının işığı oldu.
 

Şuşa Bəyannaməsi tarixi bəyannamədir. Türkiyə ilə Azərbaycan üçüncü dövlətdən təhlükə olarsa, bir-birini qoruyacağını bəyan edən bəyannamədir. Bu bəyannamə 30 il çəkən işğalı sonlandıran qüdrətin bəyannaməsidir.
 

Üçtərəfli Bəyanatdan sonra Zəngəzur dəhlisi haqqında fikirlər haçalandı, özünün düşüncəsiyləmi, yoxsa öyrədildiyinə görəmi, hər nədirsə, Ermənistan bu maddənin yerinə yetirilməsini bütün siyasi imkanlarıyla ləngitmək, aradan qaldırmaq istəyir. Ermənilik hələ də imzalanmış, razılaşdırılmış sənədləri gücdən, qüvvədən salmaq niyyətində olduğu vaxtlarda imzalandı Şuşa Bəyannaməsi. Həm də Şuşada ikitərəfli görüşdə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi bu koridoru yaradırıq". Bu əminlik erməniliyin sonunun çatdığını bildirən əminlikdir.
 

Şuşada Türkiyənin konsulluğu açılacaq.
 

Şuşa Bəyannaməsi son yüz ilin ən dünyəvi, ən bəşəri, ən ədalətli bəyannaməsidir. Dünyanın ədalətli siyasətçiləri Azərbaycanın və Türkiyənin birgəlik bəynnaməsini tarixi bəyannamə kimi dəyərləndirir.



Səbinə Xasayeva,
Milli Məclisin deputatı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]