Bakı Slavyan Universitetində "Əsrə bərabər gün" adlı tədbir və "Qüdrətli Azərbaycan naminə" kitabının təqdimatı keçirilib - FOTO

Bakı Slavyan Universitetində "Əsrə bərabər gün" adlı tədbir və "Qüdrətli Azərbaycan naminə" kitabının təqdimatı keçirilib - FOTO

İyunun 14-də  Bakı Slavyan Universitetində (BSU) 15 İyun-Milli Qurtuluş Gününə həsr edilən "Əsrə bərabər gün" adlı tədbir və  həmin tədbir çərçivəsində BSU-nun rektoru,professor Nurlana Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illiyinə həsr olunmuş "Qüdrətli Azərbaycan  naminə" kitabının təqdimatı keçirilib."Microsoft Teams" platforması vasitəsilə onlayn formada keçirilən tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları,dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllim heyətinin nümayəndələri, fəal tələbə-gənclər iştirak ediblər.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


 


Tədbirin moderatoru,BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova  tədbir iştirakçılarını salamlayıb və onları 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.Prorektor Xanım Sultanova həmçinin BSU-nun rektoru,professor Nurlana Əliyevanı "Qüdrətli Azərbaycan naminə" adlı yeni  kitabının işıq üzü görməsi münasibətilə təbrik edib,ona  möhkəm cansağlığı,elmi-pedaqoji,ictimai-siyasi  fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb.


BSU-nun rektoru,professor Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki,15 İyun-Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox önəmli tarixi gündür. Azərbaycan xalqı hazırda mühüm tarixi dövrdə yaşayır. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi,sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində tarixi ərazimiz olan Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Qələbə nəticəsində xalqımızın 30 il davam edən Qarabağ həsrətinə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Düşmən işğalından azad edilmiş Qarabağın bərpa edilməsi və yenidən qurulması, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirilməsi hamımıza böyük sevinc, qürur hissi yaşadır və bu sevinc, qürur hissi bizi birləşdirir.Azərbaycan xalqı bu Böyük Qələbə sayəsində bütün dünyada qalib və mütərəqqi xalq kimi tanınır. Xalqımız bu Böyük Qələbəyə görə ulu öndər Heydər Əliyevin 50 illik siyasi fəaliyyətinə, Ümummilli Liderimizin layiqli və sadiq davamçısı, dövlət başçımız, YAP-ın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borcludur.


Rektor Nurlana Əliyeva  geniş və maraqlı çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından  sonra ilk vaxtlar  həyata keçirdiyi çoxşaxəli fəaliyyətində 3 mühüm iş diqqəti xüsusi cəlb edirdi. Bunlardan birincisi  xalqımızın vətənpərvər, millətsevər övladlarının cəmləşdikləri YAP-ın iştirakı ilə ölkəmizin sülh,sabitlik, tərəqqi yoluna çıxarılması idi. İkinci mühüm iş isə təcavüzkar Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə edilməsi idi ki,bu da öz növbəsində ölkəmizin sərhədlərinin qorunması və ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi üçün olduqca vacib idi. Üçüncü mühüm iş isə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" nin imzalanması oldu. Azərbaycanın yeni neft strategiyası əsasında imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin iqtisadi inkişafında müstəsna rol oynadı,Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirdi.Ümumilikdə ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu,onu gücləndirdi və dünya birliyinin layiqli üzvünə çevirdi.Bugünkü  hərtərəfli inkişaf edən müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.


Rektor Nurlana Əliyeva çıxışında bildirib ki,ulu öndər Heydər Əliyevin xalqımız,millətimiz, Vətənimiz, dövlətimiz qarşısında göstərdiyi ən böyük tarixi xidmətlər sırasında Ümummilli Liderimizin Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsi xüsusi yer tutur. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, çoxşaxəli mütərəqqi fəaliyyəti nəticəsində Azərbaycanda genişmiqyaslı iqtisadi,siyasi,sosial,hərbi islahatlar həyata keçirildi, dövlət idarəçiliyi,siyasi sistem təkmilləşdirildi, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzu yüksəldi. Azərbaycanın iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilməsi böyük tarixi Qələbəmizin əldə edilməsində mühüm rol oynadı.


Rektor Nurlana Əliyeva  çıxışında  vurğulayıb ki, 1993-cü ilin 15 İyunu XX əsrdə Azərbaycan xalqının həyatına böyük tarixi-siyasi əhəmiyyət kəsb edən və bütöv əsrə bərabər bir gün kimi daxil olmuşdur. 28 il bundan öncə xalqımız öz dahi vətənpərvər oğlu, qüdrətli siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı, cəsarəti, iradəsi,qətiyyəti, uzaqgörənliyi, müdrikliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən,separatçılıq cəhdlərindən xilas oldu. Məhz ulu öndər Heydər Əliyevin öz böyük tarixi xilaskarlıq missiyasını layiqincə yerinə yetirməsi sayəsində Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması və dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi aradan qaldırıldı, xalqımız,millətimiz, Ana Vətənimiz məhv olmaqdan qurtuldu. Ulu öndər Heydər Əliyev tarix və xalq qarşısında öz missiyasını hünərlə, qətiyyətlə, xalqına,millətinə məhəbbətlə yerinə yetirdi. 15 İyun Azərbaycanın tarixinə ölkəni,xalqı,dövləti xilas edən böyük qayıdış kimi şərəflə yazıldı.


Professor Nurlana Əliyeva qeyd edib ki,möhtəşəm tarixi Qələbədən sonra  dövlət başçımız cənab İlham Əliyevin  qəbul  etdiyi  strateji qərarlar, reallaşdırdığı düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşmış yeni siyasi mənzərədəki rolunu və mövqeyini gücləndirir. Dövlət başçımızın  Qarabağa etdiyi müntəzəm səfərlər, tarixi torpaqlarımıza xüsusi qayğı və həssaslıqla yanaşması, Böyük Qayıdışı özündə ehtiva edən milli prioritetlər çərçivəsində genişmiqyaslı bərpa, abadlaşdırma və quruculuq işlərinə başlanılması Qarabağın əsl sahibinin məhz Azərbaycan olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır,həm də xalqımızda Qarabağda əbədi yaşayacağına tam əminlik yaradır. Hamımız inanırıq ki, doğma Qarabağımız yaxın gələcəkdə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin möhtəşəm ideyaları əsasında, dövlət başçımız cənab İlham Əliyevin  rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,YAP Sədrinin Birinci müavini,çox hörmətli Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində davamlı inkişaf edir.


Tədbirdə iştirak edən Milli Məclisin deputatı, "Trend" Beynəlxalq İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev tədbirin keçirilməsini yüksək qiymətləndirib və bildirib ki,BSU həmişə universitetin rektoru,professor  Nurlana Əliyevanın  rəhbərliyi  ilə  dövlət və dövlətçiliklə bağlı məsələlərdə öndə gedir. Millət vəkili Arzu Nağıyev qeyd  edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyələnirdi.Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
 

Vətənin bu ağır dövründə ulu öndər Heydər Əliyev  yenidən hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də  Heydər Əliyev   Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 İyun Azərbaycanın müasir  tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
 

Millət vəkili Arzu Nağıyev çıxışında həm də BSU-nun rektoru, professor Nurlana Əliyevanın  istedadlı ədəbiyyatşünas alim,təcrübəli və bacarıqlı elm və təhsil təşkilatçısı,tanınmış  ictimai-siyasi xadim olduğunu bildirib. Millət vəkili Arzu Nağıyev professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabının yüksək elmi-siyasi məziyyətlərə  malik, xalqa,Vətənə,dövlətə və dövlətçiliyə xidmət edən,gənc nəslin milli ruhda və vətənpərvər  tərbiyə  olunmasına müsbət təsir edən  bir kitab olduğunu  xüsusi vurğulayıb.


Qeyd edək ki,"Qüdrətli Azərbaycan  naminə" kitabının redaktoru və ön sözün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovdur. Akademik Nizami Cəfərov yazdığı "Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətinə fundamental elmi baxış" adlı on sözdə kitabı geniş və hərtərəfli təhlil edib, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini əsaslandırıb.


 Məlumat üçün bildiririk ki,professor Nurlana Əliyevanın müəllifi olduğu"Qüdrətli Azərbaycan  naminə"kitabına daxil edilən 3 məqalə-“Milli Qurtuluş Günü-millətin özünə inamının bərqərar olduğu gün”, “Heydər Əliyev ideyaları və XXI əsr”  və “Əsrə bərabər gün” məqalələri məhz 15 İyun-Milli Qurtuluş Gününə həsr edilib.


Tədbirdə çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov "Qüdrətli Azərbaycan naminə" kitabını məzmun və ideya baxımından yüksək səviyyəyə malik və müasir dövrümüz üçün dəyərli bir kitab kimi səciyyələndirib.


BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı,dosent Şirinbəy Əliyev “Qüdrətli Azərbaycan naminə” kitabına daxil  olan “Milli Qurtuluş Günü-millətin özünə inamının bərqərar olduğu gün” məqaləsi haqqında, həmin fakültənin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Heydər Əliyev ideyaları və XXI əsr” məqaləsi haqqında,həmin kafedranın dosenti Zümrüd Məlikova “Əsrə bərabər gün”məqaləsi haqqında, BSU-nun II tədris ili magistrantı Hürzət İsgəndərova “Dövlətimizin çiyindaşı”məqaləsi haqqında öz  fikir və mülahizələrini bölüşüblər.


 Çıxışlarda qeyd edilib ki, professor Nurlana Əliyevanın "Qüdrətli Azərbaycan naminə" kitabının 15 İyun-Milli Qurtuluş Günü  ərəfəsində təqdimatının keçirilməsi məntiqidir. Çünki bu kitabda dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, ən böyük tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti,YAP-ın Sədri,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,YAP Sədrinin Birinci müavini,çox hörmətli Mehriban xanım Əliyevanın müstəqil ölkəmizin yeni dünya standartlarına  uyğun  inkişaf etməsi və müasir  beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdikləri  genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları yüksək səviyyədə   işıqlandırılır.


Çıxışlarda həmçinin bildirilib ki, kitabda   eyni zamanda, ölkənin  ən böyük və  aparıcı siyasi qüvvəsi olan YAP, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə öz töhfələrini vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir. Ümumilikdə kitab  öz maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.


BSU-nun Məktəbəqədər təlim-tərbiyə  və ibtidai təhsil fakültəsinin dekanı,dosent Dilarə Hacıyeva, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən,dosent Kamran Hacıyev, Jurnalistika kafedrasının müdiri,professor Şəlalə Həsənova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasını müdiri,dosent Səməngül Qafarova  bu dəyərli kitabının  işıq üzü görməsi münasibətilə professor Nurlana  Əliyevanı  təbrik  edərək ona  yeni-yeni  yaradıcılıq  uğurları  arzulayıblar.
Rektor Nurlana Əliyeva müəllifi olduğu "Qüdrətli Azərbaycan naminə" kitabı barədə səslənən müsbət fikirlərə və kitaba verilən yüksək qiymətə görə çıxışçılara təşəkkür edib,onlara xoş arzu və diləklərini çatdırıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]