Beynəlxalq Əmək Konfransının 109-cu sessiyasının plenar iclasında Qoşulmama Hərəkatı adından çıxış edilib

Beynəlxalq Əmək Konfransının 109-cu sessiyasının plenar iclasında Qoşulmama Hərəkatı adından çıxış edilib

Beynəlxalq Əmək Konfransının (BƏK) 109-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Qoşulmama Hərəkatı adından çıxış edib.


A.Kərimov pandemiyanın təsirlərini aradan qaldırmaq üçün qlobal səylərin səfərbər edilməsi və gücləndirilməsində Qoşulmama Hərəkatının mühüm rolunu vurğulayıb. Azərbaycanın Hərəkata sədrlik edən ölkə kimi bu mövzuda 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünü uğurla keçirdiyini deyib. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” qətnaməsinin qəbul edildiyini, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirildiyini diqqətə çatdırıb.


Nazir müavini COVID-19-un iqtisadiyyata, habelə əmək bazarına və məşğulluğa mənfi təsirlərini qeyd edib.


İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin paylanmasında bərabərsizliyin Qoşulmama Hərəkatına üzv dövlətlərin ciddi narahatlığına səbəb olduğunu bildirən A.Kərimov, bu baxımdan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin xüsusi önəmini vurğulayıb. . Nazir müavini pandemiyaya qarşı mübarizədə qlobal birgə səylərin,çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan haqlarına hörmətin vacibliyi qeyd edib. Həmçinin pandemiyanın əmək bazarına mənfi təsirlərini aradan qaldırmaq, işçilərə layiqli iş imkanları yaratmaq üçün sosial dialoqun xüsusi önəmini, bu sahədə hədəflərə çatmağa imkan verəcək fəaliyyət istiqamətləri diqqətə çatdırıb.


Qeyd edək ki, tarixində ilk dəfə virtual formatda keçirilən BƏK-in 109-cu sessiyasında 4000-dən çox Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlar iştirak edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]