Milli Qurtuluş günü, sadəcə, təqvim bayramı deyil TARİXİ ƏHƏMİYYƏTƏ MALİK GÜNDÜR

Milli Qurtuluş günü, sadəcə, təqvim bayramı deyil TARİXİ ƏHƏMİYYƏTƏ MALİK GÜNDÜR

Milli Qurtuluş günü, sadəcə, təqvim bayramı deyil TARİXİ ƏHƏMİYYƏTƏ MALİK GÜNDÜR

 

Tariximizə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ölkənin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Hər kəsə bəllidir ki, Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkə müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə dirçəliş baş verdi.
Rəhbərin uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyətliliyi və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi. Qısa bir zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaradıldı, dövlət idarəetmə sistemi formalaşdırdı, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar quruldu. 15 iyun Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir və bununla Ulu Öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.
Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir. Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bunu ölkədə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və s dünya əhəmiyyətli işlər bir daha sübut edir.
Milli Qurtuluş günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda böhran vəziyyəti, xalqın maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə bi ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın dəvəti və tələbini məmnuniyyətlə qəbul edərək bu ağır yükü öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üstündə dalğalanan qara buludlardan qurtardı, bütün təhlükələrdən sovuşdurdu.
Rəhbərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, iqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi ilə respublika qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Bu gün Ulu Öndərin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirlir. Onun rəhbərliyi ilə Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Ən başlıcası isə 2020-ci ilin noyabrında qəsbkar ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarından əbədi olaraq qovulub, ölkənin ərazi bütövlüyü təmin edilib.

 

Azerbaycan-ruznamesi.org

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]