Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının görüşündə

Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının görüşündə

İyunun 14-də  Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qrupları arasında onlayn görüş keçirilib.


Görüşdə Milli Məclis Sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev  iki ölkə arasındakı münasibətlərdən danışaraq, Ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev arasında mövcud olmuş şəxsi dostluq münasibətlərinin bu əlaqələrin  inkişafına mühüm töhfə verdiyini bildirib.


Adil Əliyev 2015-ci ildən Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etdiyini diqqətə çatdıraraq, qarşılıqlı təcrübə mübadiləsi, habelə beynəlxalq təşkilatlarda əməkdaşlıq baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Vitse-spiker Qazaxıstanda keçirilmiş parlament seçkiləri münasibətilə təbriklərini çatdırıb, deputatlara fəaliyyətlərində uğurlar arzulayıb.


Sonra Adil Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixi Azərbaycanda Zəfər Günü olaraq yadda qaldı. Tariximizdə mühüm yer tutan bu böyük hadisə Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoydu. Beləliklə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdi.


Sədr müavini diqqətə çatdırıb ki, hazırda müharibə başa çatsa da, Ermənistan humanitar cinayətlər törətməyə davam edir və minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən imtina edir. Nəticədə hərbçilərlə yanaşı,  mülki şəxslər də həmin minaların partlaması nəticəsində həlak olur. Bu günlərdə isə çəkiliş üçün Kəlbəcərə səfər edən jurnalistlərimizin ikisi növbəti belə mina partlamasının qurbanı oldu.


Onlayn görüşdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisi Sədrinin müavini, Qazaxıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Balaim Kesebayeva ölkəsinin həmişə Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Qazaxıstanlı vitse-spiker parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın inkişaf etdirilməsi  barədə fikirlərini bölüşüb.


Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.


Görüşdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Milli Məclisin deputatları Etibar Əliyev, Ülviyyə Ağayeva, Anar Məmmədov, Eldəniz Səlimov, Naqif Həmzəyev və Qazaxıstan parlamentinin bir qrup deputatı da iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]