Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın 11 iyun 2021-ci il tarixli plenar iclasda çıxışı

Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın 11 iyun 2021-ci il tarixli plenar iclasda çıxışı

Hörmətli həmkarlar, həmişə olduğu kimi, Azərbaycan tarixinin möhtəşəm hadisələri ərəfəsində biz Milli Məclisin iclaslarında onları qeyd edirik və bu iclasımız da Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcəkdir.

 

Hörmətli həmkarlar!


Məlumdur ki, ümummilli liderlər xalqların milli fəlakətlər ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı uçurumun bir addımlığından geri qaytardı.


Ulu öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində  xalqımız müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunmuşdur: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.


Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa ha¬zır olmaq nümunəsidir. Ümummilli liderimizin 30 ildən artıq dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətini nəzərə alaraq, əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur.


Hörmətli həmkarlar, Ulu öndərin başladığı qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı zirvələrə yüksəltmişdir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpağımız olan Qarabağın erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Cənubi Qafqazda yeni reallıq yaratmışdır.


Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminəm ki, Azərbaycan dövləti daim var olacaq, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.


Milli qurtuluş günü münasibəti ilə hörmətli həmkarlar, mən sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinə daimi inkişaf və yeni uğurlar arzulayıram.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]