Razi Nurullayev: Ölkə yağlı əppəkdir, daraşıb talayırlar!

Razi Nurullayev: “Ölkə yağlı əppəkdir, daraşıb talayırlar!”

Razi Nurullayev: “Ölkə yağlı əppəkdir, daraşıb talayırlar!”

 

Deputat Razi Nurullayev Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunu birləşməyə çağırıb.

 

Deputat bu barədə Milli Məclisin iclasında çıxış edib. O qeyd edib ki, diaspor təşkilatlarının birləşməsinə və öz aralarında çəkişməyə son qoyması vacibdir:

 

“Rusiyanın Novosibirsk şəhərində polis tərəfindən 19 yaşlı Vəkil Abdullayevin güllələnərək öldürülməsi, Rusiya İctimai Palatasının üzvü, jurnalist Mariya Butinanın faşist yönümlü çağırışı, ardınca həmin polisin azadlığa buraxılması təhlükəli tendensiyadan xəbər verir. Biz tələb etməliyik və edirik ki, o polis cəzalandırılsın.

 

Azərbaycanın Rusiyanın daha bir neçə şəhərində konsulluq açmasına, orada soydaşlarımıza hüququ xidmət göstərmək üçün ayrıca şöbə yaradılmasına ehtiyac var”.

 

Razi Nurullayev məmur korrupsiyasından da danışıb:

“Ürəyim yanır, danışıram. Mənə istisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər görək harada büdcə talançılığı yoxdur, oğurluq etmirlər, vəzifələrini isə qanunda yazılan kimi edirlər? Qoy mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb.
Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur?! Min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi necə olur, meşələri, dənizi hasarlayır, əməkhaqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır axı? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir.

Ona görə belə danışıram ki, cənab Prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Hər çıxışında nə qədər xəbərdarlıq edilir. Prezident təyinat edir, amma insanın içini görmək olmur axı. Sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil. Biz deputatlar da çılpaq həqiqətləri deməliyik. Ölkə yağlı əppəkdir, daraşıb talayırlar. Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz əppəyi parçalayırlar. Xahiş edən mənim, sənin kimi olur, onun da bir xahişini ala başına-kül başına edib yola verirlər, qalanını bəhanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]