Azər Kərimli: Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır

Azər Kərimli: Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır

 Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasından keçən 30 ilə yaxın bir zaman kəsiyində ilk dəfədir ki, İstiqlalımızın rəmzi olan 28 May Respublika Gününü ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş bir ölkənin vətəndaşları olaraq qeyd edirik və bu olduqca qürurvericidir.

 

Bu sözləri Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib.

 

O qeyd edib ki, Azərbaycan İstiqlalının 103-cü ildönümündə öz hədəflərinə doğru qətiyyətlə irəliləyir:

 

“Biz yaxın 200 illik tariximizdəki məğlubiyyət sindromundan xilas olmuşuq. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızın ruhu şaddır. Çünki Azərbaycan nəinki 103, hətta 30 il öncə çoxlarının xəyalına belə gətirə bilməyəcəyi qüdrətli bir dövlətə çevrilib, regional və qlobal proseslərin fəal iştirakısı, nüfuz və söz sahibidir”.

 

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü böyük qürur hissi ilə qeyd etməyimizin əsas səbəbkarları müasir Azərbaycan Respublikasının möhkəm təməllər üzərində qurulmasına nail olan, çağdaş dövlət quruculuğumuzun memarı Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir: “1993-cü ilin iyunundan bugünə qədər olan müddət ərazində keçilən yola nəzər salsaq, nə qədər nəhəng, çoxşəxəli bir siyasətin həyata keçirildiyini müəyyənləşdirə bilərik. Cümhuriyyətimizin yadigarı olan üçrəngli bayrağımızın mədəniyyətimizin paytaxtı Şuşada, işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalandığını görməkdən böyük xoşbəxtlik yoxdur və ola da bilməz”.

 

Azər Kərimlinin sözlərinə görə, Respublika Günü münasibətilə Prezident İlham Əliyevə dünyanın aparıcı dövlətlərinin liderləri və nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərlərinin ünvanladıqları təbrik məktublarında yer alan ifadələrdən Azərbaycanın regional və qlobal proseslərdə nə qədər mühüm bir faktora çevrildiyini görmək mümkündür:

 

“Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri, Azərbaycanın qlobal humanitar problemlərin müzakirə edildiyi platformaya çevrilməsi, Prezident İlham Əliyevin regionda və dünyada cərəyan edən proseslərə münasibətdə sərgilədiyi ədalətli və qətiyyətli mövqe dövlətimizin əldə etdiyi uğurların bariz nümunəsidir. Bir zamanlar müstəqil dövlət arzusu ilə alışıb yanan böyük şairimiz Məhəmməd Hadi “İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində...”, - içində yazırdı.

 

Bu gün Azərbaycanın lideri “Bizim sözümüz imzamız qədər keçərlidir” deyir və nəinki imzamızı, hətta sözümüzü də müstəqil siyasətimizin rəmzinə çevirməyi bacarır. Azərbaycan İstiqlalının 103-cü ilində dünyada öz sözü və öz imzası ilə özündən dəfələrlə böyük dövlətlərlə eyni sırada dayanır və gələcəyə doğru qətiyyətlə irəliləyir”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]