Maxsud MAXSUDOV: Tarixi Qələbəmizin təməlini hələ 28 il əvvəl böyük uzaqgörənliklə Ulu öndər H.Əliyev qoymuşdu

Maxsud MAXSUDOV: Tarixi Qələbəmizin təməlini hələ 28 il əvvəl böyük uzaqgörənliklə Ulu öndər H.Əliyev qoymuşdu

Tarixi Qələbəmizin təməlini hələ 28 il əvvəl böyük uzaqgörənliklə Ulu öndər H.Əliyev qoymuşdu

  instaqram AZpress.AZ

  facebook

"Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, Milli ordumuzun yaranması haqqında biz vaxtında düşünmüşük. 1970-ci ildə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm və bu məktəbi yaratdıq. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun”.

Heydər ƏLİYEV.


Bugünlər xalqımızın ən gözəl, ən xoşbəxt günləridir. 30 ilə yaxın həsrətində olduğumuz kəndlərimiz, şəhərlərimiz, müqəddəs Şuşamız möhtərəm Prezidentimiz, ölkəmizin Ali Baş komandanı İlham Əliyev cənablarının müdrik hərbi-siyasi rəhbərliyi və şanlı Ordumuzun döyüşçülərinin əfsanəvi igidlik və qəhrəmanlıqları sayəsində yenidən öz əzəli sahibi olan xalqımıza qaytarılmışdır.

Azərbaycanımızın ərazi bütövlüyünü, tarixi haqqını təmin etmiş, ədalətin bərpası ilə nəticələnmiş Qələbəmiz xeyli vaxtdır ki uşaqdan böyüyə hamının hədsiz sevincinə, sonsuz fərəhinə, böyük qürur hissinə səbəb olmuşdur. 90-cı illərin uğursuzluqlarından, böyük ərazi və insan itkisindən sonra, nəhayət ki, Qarabağda tarixi qələbəmizə nail olunmuş, xalqımızın üzü yenidən gülmüş, qəddi yenidən düzəlmiş, dirçəlmişdir. Ancaq bu böyük qələbəmiz yolunda Azərbaycanın minlərlə igid, gənc övladları canlarından keçməli olmuş, şəhidlik zirvəsinə ucalmışlar.
Təbii ki, Vətən müharibəsində mərdliklə vuruşaraq, düşmən üzərində böyük qələbə çalmış igid Azərbaycan oğullarının sırasında minlərlə Sumqayıt əsgər və zabitləri də olmuşdur. Vətənin çətin, dar günündə həmişə səfərbər olan Sumqayıt gəncləri döyüşlərə düşmənə qarşı sonsuz qisas hissi, qələbə əzmilə atılaraq, bütün savaş meydanlarında əsl igidlik, qəhrəmanlıq nümunələri göstərmiş, yüksək döyüş orden və medallarına layiq görülmüşlər. Axı, onların arasında ötən dövrün 90-cı illərində dədə-baba yurdları olan Göycə və Zəngəzurdan, Qarabağdan qovulmuş, kəndləri, obaları yağı düşmən tərəfindən işğal və talan edilmiş qaçqın-köçkün ailələrindən olanlar da az deyildi. Onlar düşməndən özlərinin də, ata-babalarının da qisasını layiqincə aldılar. Lakin təəssüf ki, yüzlərlə sumqayıtlı əsgər və zabitlərimiz, könüllülərimiz digər qeyrətli, igid Azərbaycan oğulları kimi Vətən yolunda son nəfəsədək vuruşaraq, qəhrəmanlıqla həlak oldular, qoynunda böyüyüb, boya-baça çatdıqları doğma şəhərə şəhid olaraq, üçrəngli bayrağımıza bürünərək qayıtdılar. Və Sumqayıt öz igid oğullarını sevərək, əzizləyərək, ağuşuna aldı. Bütün Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalmış oğullar hər yerdə olduğu kimi Sumqayıtda da İcra hakimiyyətinin, şəhər ağsaqqallarının və ictimaiyyətin iştirakı ilə son mənzilə böyük ehtiramla yola salınmışlar. Onların hər biri doğma Azərbaycanımızın, onlara daim vətən sevgisi aşılamış valideynlərinin, müəllimlərinin, oxuduqları məktəblərdə, müxtəlif şəhər tədbirlərində hərbi-vətənpərvərlik dərsləri, tövsiyələri vermiş ağsaqqallarımızın onlara olan inamını, etimadını şərəflə doğrultmuşlar. Allah onların hər birinə rəhmət eləsin!
Bu gün “dəmir yumruq”la başı əzilmiş düşmənlərimiz üçün də sirr deyil ki, 44 günlük Vətən müharibəsindəki böyük, şanlı qələbəmizin əsası hələ torpaqlarımızın işğal altında olduğu o ağır, çətin günlərdə - 28 il əvvəl, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Vətənin yeganə ümidi, xilaskarı kimi Azərbaycan hakimiyyətinə yenidən qayıtdığı gün – o böyük Qayıdış günündə qoyulmuşdu. Məhz dahi rəhbərimizin dövlət başçılığına o zamankı tarixi qayıdışı xalqımızın Qarabağa yenidən qayıdışının dirçələn ümidi, ilkin təməli oldu.
Azərbaycanın görkəmli oğlu, dahi siyasətçi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdığı o həyəcanlı, sevincli günlər hamımızın yaxşı yadındadır. Elə həmin günlərdə erməni ideologiyasına qarşı mübarizə aparan “Bakinets” qəzetinin Ulu öndərin qayıdışını böyük sevinclə “Он вернулся” (“O qayıtdı!”) sərlövhəsi ilə açılan nömrəsini mən 28 ildir ki öz şəxsi arxivimdə saxlayıram. Bütün xalqımızın o böyük, dahi şəxsiyyətə olan ümidini, sevincini qəzet “İgid odur hər əzaba qatlana, igid odur atdan düşə, atlana!” müdrik atalar sözü ilə ifadə etmişdi. Heydər Əliyevin şəkilləri o vaxta kimi respublikanın hər yerində yasaq edilmiş olsa da, redaksiya özünün iftixar, sevinc dolu məqaləsini onun hardansa axtarıb tapdığı böyük, əzəmət və qürur dolu bir şəkli ilə birgə vermişdi. Yadımdadır ki, o vaxt qəzet Ulu öndərin qayıdışına sevinc və fərəhlə, ona böyük ümidlə yazmışdı: "O, qayıtmalı idi! Xalqımızın ən çətin, ən ağır günlərində Azərbaycana məhz o – dahi Heydər Əliyev lazım idi! Yalnız o – zəngin dövlət idarəçiliyi təcrübəsinə malik dünya şöhrətli siyasətçi, müdrik rəhbər xalqımızı düçar olduğu hərbi-siyasi, iqtisadi böhrandan, xaosdan xilas edə bilər”.
Bəli, elə də oldu. Məhz Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmiz faciəli sonluqla nəticələnə biləcək hərbi-siyasi fəlakətdən, ölkənin müstəqilliyinin itirilməsindən xilas ola bildi.
Daşnakların Qarabağ iddialarının baş qaldırdığı ilk dövrdə, Leninakan zəlzələsindən sonra xaraba Ermənistana humanitar yardım adı altında Rusiyadan, ABŞ-dan, Fransadan, İngiltərədən və digər ermənipərəst ölkələrdən yük təyyarələri ilə ərzaq və s.-lə yanaşı Azərbaycana qarşı istifadə üçün ən müasir hərbi silah və texnika da göndərilirdi. Təsadüfi deyildi ki, erməni daşnakları neçə-neçə hərbi yük təyyarəsinin Ermənistana daşıdığı silah-sursatdan dünya ictimaiyyətinin və ilk növbədə Azərbaycanın xəbər tutmaması, “duyuq düşməməsi” üçün o günlərdə özlərini yenə də məzlum xalq kimi göstərərək, SSRİ rəhbərliyindən “humanistlik” etməyi, onlara sovet tarixində heç zaman görünməmiş güzəşt edilməsini – yardımların gömrük yoxlamalarından keçirilməməsini xahiş etmişdilər. Bunun nə demək olduğunu yaxşı bilən ermənipərəst SSRİ rəhbərliyi və onun DTK-sı dövlət prinsipləri əleyhinə gedərək, Sovet gömrük tarixində ilk dəfə olaraq Leninakan üçün göndərilən yükləri yoxlamamağa, onları Ermənistanın öz öhdəsinə buraxmağa qərar verdi.
 

Vaxtilə Azərbaycan DTK-sına general-mayor rütbəsində rəhbərlik etmiş Heydər Əliyev bu erməni hiyləgərliyinin arxasında nə dayandığını yaxşı bildiyindən ölkəmizin hərbi gücünə nail olmaq, pərakəndə döyüş dəstələri və batalyonlarının əvəzinə vahid, nizamlı Azərbaycan ordusu yaratmaq, əlavə insan itkisinə yol verməmək üçün vaxt qazanmaq məqsədilə 1994-cü ildə atəşkəs razılaşmasına nail oldu. Açığını etiraf etmək lazımdır ki, Ulu öndər bu mühüm, uzaqgörən qərarı vaxtında verməsəydi, müharibə Qarabağla yanaşı eyni zamanda Naxçıvanda da davam etsəydi, həm torpaq, həm də insan itkimiz çox olacaqdı. Düzdür, atəşkəs rejimi dövründə də ermənilər razılaşmanın tələblərini pozaraq, neçə-neçə döyüşçümüzün, mülki adamlarımızın ölümünə səbəb oldular. Ancaq atəşkəs razılığı əldə olunmasaydı, nizami ordusu olmayan, zəif silahlanmış tərəf kimi Azərbycan daha çox itki verə bilər və ermənilərin Kürə qədər işğalşçılıq “ideya”sı da yəqin ki baş tutardı. Çox şükürlər ki, bunlar baş vermədi və ölkəmiz Ulu öndərin müdrik siyasi “şahmat gedişi” sayəsində nizami, güclü ordu yaratmaq, onu yüksək səviyyədə silahlandırmaq üçün mühüm fürsət, uzun bir vaxt qazana bildi.
Məhz dahi rəhbərin uzaqgörənliyi sayəsində həm onun Prezident olduğu, həm də sonrakı dövrdə güclü ordu quruculuğu işləri aparıldı və Milli Ordumuz müasir silahlarla təmin edildi. Ən başlıca amillərdən biri də odur ki, vaxtilə - hələ Sovetlər dövründə Ulu öndər on illər qabağı düşünərək və görərək, Bakıda yaratdığı C.Naxçıvanski adına hərbi litseydə və sonralar özünün adı verilmiş Azərbaycan Ali Hərbi Məktəbində minlərlə yüksək səviyyəli zabitlər yetişdirildi, ordunun həm vətənpərvər milli kadrlarla, həm də ən müasir silah-sursatla təminatı gücləndirildi.
Ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan bir qədər sonra onun ən mühüm xidmətlərindən biri də Mingəçevir su anbarının, Su Elektrik stansiyasının və kaskadının etibarlı qorunması məqsədilə Bozdağda İsrail sistemi olan mühafizə-çətir kompleksinin yaradılması idi. Bu, çox mühüm, olduqca vacib bir hava müdafiəsi növü idi. Çünki təcavüzkar faşist Ermənistanı bizi həmişə Mingəçevirin həmin mühüm obyektlərini partladaraq, şəhəri və bütün Kür boyunca yüzlərlə kəndi su altında qoyacaqları ilə hədələyirdilər. Ulu öndərin vaxtında gördüyü hərbi-müdafiə tədbiri sayəsində son müharibədə ermənilərin Mingəçeviri hədəf götürən raketləri elə göydəcə partladılaraq zərərsizləşdirilirdi.
Dahi rəhbərin dövlətçilik məktəbinin uğurlu davamçısı olan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək, Azərbaycanın müdafiə qüdrətinin və beynəlxalq aləmdə siyasi nüfuzunun artırılması sahəsində prezidentliyinin ilk günlərindən ardıcıl olaraq həyata keçirdiyi çoxsaylı, çoxşaxəli tədbirlərin nəticəsi oldu ki, xalqımız Vətən müharibəsində daşnak tör-töküntülərinin başını “dəmir yumruq”la əzib, darmadağın edərək, misilsiz tarixi qələbə qazandı. Ali Baş komandan kimi onun əsl sərkərdə, müdrik strateq kimi düzgün hərbi taktika qurması, düşmənə onun gözlədiyi Ağdərə, Ağdam istiqamətindən yox, gözləmədiyi Füzuli-Cəbrayıl tərəfdən zərbələr endirməsi nəinki Azərbaycan Ordusunun üstünlük əldə etməsini, hətta cəmi 44 gün ərzində müharibənin bizim böyük Qələbəmizlə başa çatmasını, hətta azad ediləcəyi ağlasığmaz, fantastik görünən müqəddəs Şuşamızın, sonra isə döyüş aparmadan, tələfat vermədən Kəlbəcərin, Ağdam və Laçının düşmən əsarətindən qurtarmasını böyük uğurla təmin etdi. Qalib sərkərdəmiz olan Ali Baş Komandanımızın və müzəffər Milli Ordumuzun sayəsində qazanılmış böyük Qələbəmiz bu gün bütün xalqımızı, Azərbaycanın dostlarını da hədsiz sevindirir, indi və bundan sonra da bütün dünyada başımızı uca tutub, məğrur gəzməyimizə əsas verir.
Sonda bir daha müdrik Prezidentimizə xalqımıza böyük tarixi Qələbə sevincini yaşatdığına görə minnətdarlığımızı ifadə edərək, bir tikinti-inşaat rəhbəri olaraq bir vaxtlar Xocalıda başladığımız, lakin yarımçıq qalmış abadlıq-quruculuq işlərimizi artıq işğaldan azad edilmiş kənd və şəhərlərimizdə davam etdirməyə hazır olduğumuzu bildirirəm.

Maxsud MAXSUDOV,
Prezident təqaüdçüsü,
Azərbaycanın Əməkdar mühəndisi,
1 №-li Tikinti Trestinin sabiq müdiri,
Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü.

(Qələmə aldı: Rəhman ORXAN)

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]