Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb - FOTO

Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb - FOTO

Mayın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

  instaqram AZpress.AZ

 

  facebook


Gündəlikdəki məsələləri şərh edən komitə sədri Tahir Mirkişili qeyd edib ki, sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, prosedurların daha da şəffaflaşması Azərbaycanın iqtisadi qanunvericiliyində görülən işlərin əsas hədəflərindəndir. Bildirib ki, “Dövlət satınalmaları haqqında” qanunda edilməsi nəzərdə tutulan çoxsaylı dəyişikliklər də həmin məqsədə xidmət edir. Tahir Mirkişili dövlət satınalmaları ilə bağlı kifayət qədər pozitiv və əhatəli yeni qanunun hazırlanma prosesində olduğunu açıqlayıb və onun qəbuluna qədər mövcud qanuna irəli sürülən dəyişiklərin hazırda aktual olan, xüsusən də sahibkarlıq subyektlərini narahat edən bir çox məsələləri tənzimləyəcəyini deyib.


İclasda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov bildirib ki, “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin dövlət satınalmalarında şəffaflığın və effektivliyin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb. O, qanun layihəsində nəzərdə tutulan elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, dövlət satınalmalarında sahibkarların iştirakı üçün geniş imkanların yaradılması, prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi, məsuliyyət tədbirlərinin müəyyən edilməsi kimi məsələlər barədə məlumat verib.


Müzakirədə çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, Mahir Abbaszadə, İqbal Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev dövlət satınalmalarında şəffaflığın, sağlam rəqabətin və səmərəliliyin artırılması, sui-istifadə hallarının aradan qaldırılması, ictimai nəzarətin gücləndirilməsi  ilə bağlı fikirlərini səsləndiriblər, təkliflərini bildiriblər.


Komitədə “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi və bu dəyişikliklərdən irəli gələrək həm də İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Sonra iclasda Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə; “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə; Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.


Deputatlara məlumat verilib ki, Vergi Məcəlləsində, “Lisenziyalar və icazələr haqqında” və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, eləcə də sığorta fəaliyyətini tənzimləməsi və ona nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.


İclasda “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli qanununda dəyişiklik edilməsi haqqında qanunun layihəsi və uyğunlaşdırma xarakteri daşıyan “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə edilib.


Sonra komitədə Milli Məclis tərəfindən hazırlanan, mahiyyətcə bir-birinə yaxın olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri nəzərdən keçirilib, Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb.


İclasda deputatlar Məzahir Əfəndiyev, Anar Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Fikir mübadiləsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb.


Komitədə baxılan 12 məsələnin hamısı parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]