16 mart 2021 İlham Əliyev Şuşa şəhərinə səfəri(+FOTO=59,+VİDEO)

16 mart 2021 İlham Əliyev Şuşa şəhərinə səfəri(+FOTO=59,+VİDEO)

  instaqram AZpress.AZ

  facebook

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Prezident İlham Əliyev dedi:

-Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir.

Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.

Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.

Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.

Şuşa bütün mövsümlərdə gözəldir.

Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.

Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gəldilər.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma bu kompleksin bərpası layihəsi ilə bağlı məlumat verdi. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.

Prezident İlham Əliyev: Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik.

Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxdılar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.

Prezident İlham Əliyev: Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib.

Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.

Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.

Prezident İlham Əliyev: Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik.

Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Karvansaray tarix-memarlıq kompleksinə baxdılar.

Dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı məlumat verildi.

Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır.

Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib.

Prezident İlham Əliyev: Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış oldular. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.

Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verildi.

Prezident İlham Əliyev: Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq.

“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də oldular. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb.

Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Prezident İlham Əliyev: Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax, belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına icra olunacaq layihələrlə bağlı məruzə etdi.

Dövlətimizin başçısı Şuşada görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verdi.

Prezident İlham Əliyev: Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir.

Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox?

Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq.

Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realnı məktəbin dağılmış binasıdır, görün, ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb.

Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Ancaq indi biz Bakıya qayıtmalıyıq. Yolüstü Daşaltı kəndində dayanacağıq. O, kəndə də baxacağıq. Ondan sonra istiqamət Bakı şəhəridir.

Birinci xanım Mehriban Əliyeva: Hava günəşli, açıq, mavi səma.

Prezident İlham Əliyev: Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı.

Buradan da Şuşanın qayaları gözəl görünür. Çünki biz haqq yolundayıq, işimiz də haqq işidir. Təbiət də bizi salamlayır. Çünki bu Azərbaycan təbiətidir.

Bura isə Daşaltı kəndidir. Daşaltı kəndi ilə də tanış olacağıq.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa rayonunun Daşaltı kəndinə gəldilər.

Aydın Kərimov: O, Böyük Kirs dağıdır. Şuşanın su mənbələrindən biri onun ətəyindən gəlir.

Birinci xanım: Bu, yeni Daşaltı hesab olunur?

Aydın Kərimov: Bəli.

Birinci xanım: O da köhnə Daşaltı.

Prezident İlham Əliyev: Bizim hərbçilər oradan gəliblər.

Həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin gözəl mənzərəsidir. Daşaltı kəndi də işğalçılardan azad edilib. Məhz bizim müzəffər Ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə də Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq.

X X X

Erməni qəsbkarlar tərəfindən 1992-ci ildə işğal olunan Daşaltı kəndi də hərtərəfli terrora məruz qalıb. Prezident İlham Əliyev kəndin bərpası ilə bağlı tapşırıqlarını verdi. 

 

X X X 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

Sonra dövlətimizin başçısı müraciət edib.

- Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!

Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı – Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.

Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu.

Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər. Biz müharibə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa. Müharibə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşmən məcbur oldu, diz çökdü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək.

Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o “xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.

Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır.

Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz hətta o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütlüyünün mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər. Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.

Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]