YAPONİYA SƏFİRİ LƏNKƏRANDA -(Ağaddin Babayev-FOTO+1)

YAPONİYA SƏFİRİ LƏNKƏRANDA -(Ağaddin Babayev-FOTO+1)

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada aprelin 28-də cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Azpress.AZ xəbər verir ki, İcra başçısı hörmətli qonağa Lənkəranın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyən T,Qaraşov rayonun həm də özünün qədim tarixi-memarlıq abidələri ilə məşhur olduğunu bildirib.
Görüş zamanı Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində ölkəmizdə, xüsusilə də Lənkəran rayonunda məktəb tikintisi, su xətti çəkilişi və digər sosial yönümlü layihələri barədə də söz açılıb. İcra başçısı istər ölkə rəhbərliyinin, istərsə də vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini vurğulayaraq, belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.
Yaponiya səfiri Cuniçi Vada ona göstərilən yüksək qonaqpərvərliyə, ölkəsinin ünvanına səslənən xoş sözlərə görə İcra başçısı T.Qaraşova minnətdarlığını bildirərək, səfərinin cənub bölgəsinin əsrarəngiz gözəllikləri, gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüşdə birgə əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Yaponiya səfiri Cuniçi Vada Lənkəranda olduğu müddətdə Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Mərkəzinə, Tarix Diyarşünaslıq Muzeyinə baş çəkib, “Laran” MMC qənnadı fabrikində, Girdəni kəndindəki “Green East” MMC-nin çəltik sahələrində və çəltik emalı zavodunda, İstisu qəsəbəsindəki “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasında iş prosesi ilə tanış olub, bu təsərrüfatın çay muzeyində çay dəstgahı süfrəsində ətirli Lənkəran çayından dadıb, habelə Hirkan Milli Parkını, Bürcəli kəndindəki sitrus meyvə bağlarını gəzib, Hirkan-Daşdatük-Biləsər yolu ilə Xanbulançay gölünün mənzərəsini seyr edib.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]