BİR TƏHSİL OCAĞININ UĞUR HEKAYƏSİ -(AZpressAZ, AĞADDİN BABAYEV (Lənkəran) təqdim edir) (+FOTO=11)

BİR TƏHSİL OCAĞININ UĞUR HEKAYƏSİ -(AZpressAZ, AĞADDİN BABAYEV (Lənkəran) təqdim edir) (+FOTO=11)

 

  instaqram AZpress.AZ

  facebook


Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə daha çox ölkədə təhsilin inkişafına mühüm diqqət yetirib. "Təhsil millətin gələcəyidir"- deyən ulu öndərimiz Azərbaycanda təhsil sisteminin müasir tələblərə cavab verməsi və bu sahədə islahatların keçirilməsi, təhsil işçilərinin rifahının yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirib. Bu gün Heydər Əliyev siyasətinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin biləvasitə rəhbərliyi ilə ölkəmizdə təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, yeni məktəblərin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunlar isə nəticədə ölkəmizin təhsil ocaqlarının əldə etdikləri nailiyyətlərdə özünü bariz şəkildə nümayiş etdirir.

Uğurları ilə seçilən təlim-tədris müəssisələrindən biri də “Kaspi" Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyidir. 2015-ci ildən fəaliyyət göstərən tədris ocağının direktoru Murad İbrahimovun sözlərinə görə, burada iş keyfiyyətli təhsil şəraitinin yaradılması, şagirdlərin şəxsiyyət yönümlü inkişafının təmin edilməsi, müəllim və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şagirdlərin inkişaf təcrübəsinin əldə olunması və zənginləşdirilməsi kimi bir neçə prinsip əsasında həyata keçirilir.

Tədris mərkəzinin şagirdləri müxtəlif olimpiada, müsabiqə və idman yarışlarında yüksək göstəricilərə nail olur, əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirlər. Belə ki, məktəbin şagirdi Aşur Cəbiyev coğrafiya fənni üzrə keçirilən zona mərhələsində birinci, respublika mərhələsində isə üçüncü yeri qazanaraq Təhsil naziri tərəfindən fəxri fərman və bürünc medalla təltif olunub.

Nümayəndəliyin marketinq şöbəsinin rəhbəri Cavanşir Həsənzadənin bildirdiyinə görə, ötən müddət ərzində məktəbdə dörd dəfə buraxılış imtahanları keçirilib:”Bizim hər bir müəllimimiz çalışır ki, bügünün şagirdi milli-mənəvi və ümumbəşəri dəyərləri özündə birləşdirən, elinə, obasına, Vətəninə layiqlı insan kimi yetişsin, gələcək fəaliyyətində biliyi ilə xalqa layiqincə xidmət göstərə bilən vətəndaş olsun. Tədris prosesinin müəllimlər tərəfindən yüksək səviyyədə təşkili, dərsdə innovativ təlim metodlarından, İKT imkanlarından istifadə, şagird-müəllim əməkdaşlığının düzğün qurulmasına göstərilən diqqətin nəticəsidir ki, bu gün məzunlarımızın sorağı Bakı və Lənkəran Dövlət universitetlərindən, digər ali təhsil müəssisələrindən gəlir”.

44 günlük Vətən müharibəsi dövründə “Kaspi" Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyinin müəllim və şagird kollektivləri Silahlı Qüvvələrə və “Yaşat” Fonduna yardım aksiyalarında, “Əsgərə məktub” layihəsində fəal iştirak ediblər. Onlar həmçinin “Şəhid övladlarına yardım” layihəsi çərçivəsində keçirilən aksiya zamanı onlarla ailəyə baş çəkərək, maddi və mənəvi dəstək göstəriblər.

Təhsil ocağının müəllim və şagirdləri bu gün də həssas təbəqədən olan insanlara diqqət və qayğısını davam etdirirlər. Belə ki, pandemiya dövründə evdən çıxmaq imkanı mәhdud olan tәnha və ahıl şəxsləri tez-tez evlərində ziyarət edən kollektiv bu insanların qayğı və problemləri ilə maraqlanmaqla onlardan şəfqət və mərhəmətlərini əsirgəmirlər.

Direktor Murad İbrahimovun məlumatına görə, “Kaspi” Lənkəran Nümayəndəliyinin məzunlarından Samir Allahverdiyev, Kənan Hacıyev və keçmiş əməkdaşı Rauf Cahangirov Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəliblər.

Nümayəndəliyin məzunlarından Ruhid Əlizadə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Amil Baxşıyev “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə”, Əlihüseyn Həsənzadə isə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqləndiyinə görə” medalları ilə təltif olunublar. Məzunlarından daha iki nəfəri - Amal Büzürov və Rəşid Həmidzadə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda vuruşublar.

Nümayənəliyin kollektivi “Şəhid övladlarına yardım” layihəsi çərçivəsində keçirilən aksiyalarda da fəallıq göstərir. “Biz də öz yardımlarımızla qazilərimizə və şəhid ailələrinə dəstək göstərmək, onların yanında olmağı vətəndaşlıq borcumuz hesab edirik,-deyə marketinq şöbəsinin rəhbəri Cavanşir Həsənzadə bildirir. - Bu cür xeyriyyə aksiyaları eyni zamanda şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsinə, Vətəni, torpağı sevmələrinə, qəhrəmanlarımızı yaxından tanımalarına köməkdir”.

Cavanşir müəllimin sözlərinə görə, məktəb 14 şəhid övladının təhsil xərclərini öz boynuna götürüb:”Biz bundan sonra da şəhid övladlarından qayğı və diqqətimizi əsirgəməyəcəyik”.

Məktəbin ünvanına gələn saysız-hesabsız minnətdarlıq məktublarından birini nəzərdən keçiririk:”Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyinin rəhbərliyinə və kollektivinə minnətdarlıq etməyi özümə borc bilirəm. Artıq bu gündən biz də özümüzü bu ailənin üzvü hesab edirik. Çünki bu təhsil mərkəzində düzgün təlim-tərbiyə alan uşaqlar arasında mənim də qızım oldu. Pedaqoji kollektiv güvəncimi doğrultdu. İlk dəfə məktəbə gedəcək qızım buradan əldə etdiyi biliklə ilk sertifikatını aldı. Ölkənin təhsilinə böyük töhfələr verən, övladımın əziyyətini çəkən “Kaspi” Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyinə təşəkkür edir, yorulmaz və şərəfli fəaliyyətində uğurlar diləyirəm!”.

İnanırıq ki, “Kaspi” Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyinin pedaqoji kollektivi doğma Azərbaycanımızın sabahı sayılan gənclərimizin geniş dünyagörüşlü, savadlı, qəlbində Vətən sevgisi olan insanlar kimi tərbiyə olunub yetişdirilməsində bundan sonra da öndə olacaq, uğurları ilə fərqlənəcəkdir.

Ağaddin BABAYEV,
Lənkəran.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]