Milli Məclisin Gənclər və idman komitəsində görüş

Milli Məclisin Gənclər və idman komitəsində görüş

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev aprelin 19-da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar,  Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Milli Məclisdə növbəti dəfə görüş keçirib.


Görüşdə Adil Əliyev ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbədən danışaraq  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun əldə etdiyi Zəfəri tariximizin ən böyük hadisələrindən biri kimi qiymətləndirib.  Vətən torpaqlarının düşmən işğalından azad edilməsinə diqqət çəkən vitse-spiker xalqımızın ölkə başçısının ətrafında sıx birləşdiyini, istər döyüş meydanında, istərsə də arxa cəbhədə misilsiz şücaət göstərdiyini vurğulayıb. Bildirib ki, Ordumuzun müasir təchizatı, uzun illərdir ölkə başçısı tərəfindən hərbi sahəyə ayrılan diqqət sonda öz uğurlu nəticəsini verdi. Bu qələbə Ordunun yaxşı təchizatı ilə yanaşı, hərbi qulluqçularımızın yüksək səviyyədə hazırlığı, Ulu öndər Heydər Əliyevin idmanda kütləviliyin təmin edilməsi siyasətinin uğurla davam etdirilməsi nəticəsində mümkün oldu.


Adil Əliyev qeyd edib ki, ölkəmizin qazandığı tarixi Qələbədə istifadə edilən taktiki gedişlər bu gün dünyanın bir sıra hərbi mütəxəssislərinin marağına səbəb olub. Ölkə başçısı tərəfindən istifadəyə verilmiş Hərbi Qənimətlər parkı qazandığımız qələbənin möhtəşəmliyinin əyani göstəricisidir.


Söhbət zamanı bədən tərbiyəsi və idmanın gənc nəslin həyat tərzinə çevrilməsinin əhəmiyyətindən, idmançılarımızın ev şəraitində də olsa, məşqləri davam etdirməsinin vacibliyindən danışılıb.


Sonda Vətən müharibəsində arxa cəbhədə xidmət edən fəallara, ictimai fəal gənclərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]