Milli Məclisdə Fransa səfiri ilə görüş olub - FOTO

Milli Məclisdə Fransa səfiri ilə görüş olub - FOTO

Aprelin 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.


Komitə sədri qonağı salamlayaraq ölkəmizin Fransa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Hələ 1918-ci ildə Azərbaycanın Şərqdə qadınlara ilk seçki hüququ verən ölkələr sırasında olduğunu qeyd edən Hicran Hüseynova bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud olan təkmil qanunvericilik bazasından söhbət açıb. Qadın hüquqlarının, qadın iştirakçılığının dövlət siyasətinin prioritet istiqamətləri olduğunu deyən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini vurğulayıb.


Hicran Hüseynova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər nəticəsində Ermənistanın işğalına məruz qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etməsindən söhbət açıb. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinin aradan qaldırılması, xüsusən də qadın və uşaqların reabilitasiyası istiqamətində görülən işlər barədə danışan Hicran Hüseynova beynəlxalq təşkilatların və dünya dövlətlərinin əksəriyyətinin bütün bunların fonunda işğalçı Ermənistanı qınamamasının anlaşılmaz olduğunu deyib.


Görüş üçün minnətdarlığını bildirən Fransanın ölkəmizdəki  səfiri Zakari Qros ölkəsinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu deyib. O, Fransanın ölkəmizin ərazi bütövlüyünü həmişə tanıdığını, müharibənin başa çatmasından, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin  olduğunu vurğulayan fransalı diplomat ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.


Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə, qadınların səhiyyədə iştirakı kimi istiqamətlərdə birgə əməkdaşlıq platformaları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]