Rafael Hüseyn : RAMİZ UCALIĞI

Rafael Hüseyn : RAMİZ UCALIĞI

 Rafael Hüseyn :  RAMİZ UCALIĞI

  instaqram AZpress.AZ

 

  facebook 

 


Bu yaz səhəri Ramizlə açılır.
Azərbaycan mədəni məkanının Ramiz Həsənoğlusu ilə.


Ramizin yuvarlaq ildönümü əslində mədəniyyətimizin, teleməkanımızın diqqətəlayiq bayramlarından hesab edilməyə layiqdir.
Ömrünün yarım əsrdən çoxunu həsr etdiyi yaradıcılıq yolu Ramizi bu gün bənzəri olmayan sənətkarlar mərtəbəsində göstərir.
Bədii sözümüzü, ədəbi düşüncəmizi televiziya ekranında təsvirə çevirərək insanlara çatdırmaq mədəni gerçəkliyimiz üçün təzə hadisədir.
Yaşca televiziyamız Ramizdən gəncdir. Lakin bu televiziya yarandığı günlərdən Ramizlə birgə olub. Evinin içərisində olub.
Bilmirəm 1956-cı ildə artıq Ramizgildə televizor vardı, ya yox. Amma elə başlanğıcdan televiziyada görünənlərdən biri həmin evin içində idi. Anası - səsindən, zahirindən ipəklik yağan qiymətli aktrisamız Ətayə Əliyeva.
Atasının da, anasının da sənətə bağlılığının lap gənckən Ramizi yenicə yaranan teleradio komitəsinə gətirib çıxarması təbii idi.
Amma ikiqat təbii olan onun lap başlanğıcdan gözəllik duyğusuna köklənməsi, artıq damarlarında axan qanın diktəsi ilə gözəlliyi göstərməyin yeni növü olan televiziyada fərqli bir yol tutaraq getməsi idi.
Onun fərqliliyi kənardan elə aydın sezilirdi ki, gələndə onu televiziyada sənaye şöbəsinə qəbul etmişdilərsə də, lap tezlikcə hiss etmişdilər ki, onun əsl səmti bu yox, digər istiqamətədir - ədəbi sənayeyə sarı.
Ramizdən əvvəl uzaq 1970-ci illərdə, hələ tələbə ikən mən qardaşı Raufla tanış olub işləməyə başlamışam.
Televiziyanın Gənclik redaksiyası xətti ilə hazırladığım verilişlərdən birinin rejissoru indi elə Vətəndən və məndən yetmişinci illər qədər aralıda olan Rauf Mirzəyev idi.
Ramizə hələ boyum çatmırdı.
Lakin tezliklə Ramizlə də tanış olduq, sonra illərcə nə qədər verilişlər də hazırladıq və gördüm ki, Allah Ramizə hündür boyu adamlara üstdən baxmaqçün deyil, hər şeyi daha panoramlı görməkçün bağışlayıbmış.
Həm zahirən, həm daxilən.
Məhz belə görən gözlərinin, belə duyan ürəyinin sayəsində Ramiz hamının dönə-dönə oxuyub keçdiyi çox əsərləri başqa cür görərək ayrı cür göstərməyi bacardı.
Yarım əsrə sığan yaradıcılıq yolu boyunca elə irs yaradıb və yaratmaqda da davam edir ki, əks-sədası hələ çox uzaq onillərə qədər gedib çatacaq.
Ramiz teatrda da tamaşalar qoyub, böyük ekran üçün də filmlər çəkib.
Fəqət bizim tariximizdə daim yaşayacaq böyük teatr və kino rejissorlarımız az deyil.
Elə 65 illik yolu boyunca televiziyamızda da xeyli üstün rejissorlar yetişib.
Di gəl, bu məkanda yolu, bəhrələri, uğurları Ramiz qədər olan və davam edən ikinci rejissor yoxdur, zənnimcə, bundan sonda da çətin ola.
Azərbaycan teleməkanında Ramiz çoxdan hamının etiraf etdiyi bir UCALIQdır.
Bu ucalığı ötük-keçmək müşküldür, lakin ondan öyrənməyə həmişə imkan var və dəyər də!
...Unudulmaz Ətayə xanımı düşünürkən həmişə ilk olaraq "Onu bağışlamaq olarmı?" filmindəki leytenant Qarayevasının sonsuz mehribanlıq yağan bir tərzdə dediyi "Gəldin, qadan alım?" ifadəsi düşür.
Əlbəttə ki, ruhlar dünyasından Ətayə xanım balasının elə onların da davam edən ömrü kimi olan sənət yolunu izləyir, fərəhlənir, iftixar edir.
Və Ramiz zahirindən də göründüyü kimi hələ cavandır.
Hələ çox yol vedəcək, hələ çoxlu yeni teleincilər yaradacaq.
Daha birisini müştərək yaratmaq barədə tədarüklərimiz də var.
Arzumdur ki, Ramiz sağlam olsun, həmişəki sayaq şax və şux olsun, güclə, işıqla, həvəslə dolu olsun və məhəbbətlə səslənən həmin "Gəldin, qadan alım" ifadəsini eşitmək ona bir bu qədər də yaşayandan sonra nəsib olsun!..

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]