Vətənini, xalqını, peşəsini sevən mahir diplomat

Vətənini, xalqını, peşəsini sevən mahir diplomat

Aprelin 8-də Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Azər Abbasın vəfatından bir il ötür. Azər Abbas Vətənini, xalqını, peşəsini sonsuz dərəcədə sevən, sözün əsl mənasında, peşəkar diplomat idi.

  instaqram AZpress.AZ

  facebook  

AZƏRTAC mərhum diplomatın keçdiyi ömür yoluna qısa nəzər salır.
 

1963-cü il Bakı şəhərində ziyalı ailəsində doğulan Azər Abbas 20 saylı məktəbin rus bölməsini bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsinə (ərəb dili) daxil olub. Hələ tələbəlik illərindən fəallığı ilə seçilən Azər Abbas bir il Yəmən Ərəb Respublikasında təcrübə keçib.
 

Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra isə İraqda hərbi tərcüməçi kimi fəaliyyət göstərib. Dərin bilik və bacarığı sayəsində qısa müddətdə irəli çəkilir və ən çətin tərcümələrin öhdəsindən məharətlə gəlir. Yaxın dostlarından biri, Rusiya XİN-in diplomatı Dembitçkiy onun haqqında deyirdi: “Azərin xarakterindəki ciddilik, yüksək dil bacarığı bizim hər birimizin marağına səbəb olurdu və onun yanında olmağı özümüzə şərəf bilirdik”.
 

Tərcüməçi kimi uğurlar qazanmasına baxmayaraq, onun ürəyində bir arzusu var idi – diplomat olmaq. Onun bu arzusu reallaşır. 1991-1994-cü illərdə İraqın Bakıdakı səfirliyində tərcüməçi kimi çalışır. 1994-cü ildən isə Azərbaycan Xarici İşlər Nazirliyində işə başlayır və burada iyirmi altı illik şərəfli yol keçir.
 

Diplomat kimi fəaliyyəti dövründə Yəmən, İraq, Misir, Qətər, Mərakeş kimi ölkələrdə çalışan, ərəb ölkələrinin daxili vəziyyətinə, siyasətinə dərindən bələd olan Azər Abbas hər zaman Azərbaycanla ərəb ölkələri arasında münasibətlər qurmaq üçün böyük imkanlar olduğunu vurğulayırdı.
 

Bacarıqlı diplomata ümummilli lider Heydər Əliyevin tərcüməçisi olmaq kimi şərəfli missiya da qismət olmuşdu.
 

Azər Abbas çalışdığı ölkələrin televiziya və qəzetlərində dəfələrlə çıxış edərək, geniş auditoriyanı Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumatlandırıb. Azərbaycan həqiqətlərinin fəaliyyət göstərdiyi ölkələrin ictimaiyyətinə çatdırılması işinə önəmli töhfələr verib.
 

O, hər bir diplomat üçün zəruri olan bir çox xüsusiyyətlərə malik idi. Əvvəla, onun dil problemi yox idi, rus, ərəb və ingilis dillərini yüksək səviyyədə bilirdi. Həmçinin xarakterində mübarizlik, qorxmazlıq var idi. O deyərdi: “Biz diplomatlar olduğumuz hər bir ölkədə Vətənimizik, Azərbaycanıq! Ölkəmizlə tanışlıq, ilk növbədə, biz diplomatlardan başlayır”.
 

Diplomatın müxtəlif mövzulara dair siyasi-analitik materialları XİN-in daxili aylıq jurnalında tez-tez dərc edilirdi.

azertag.az

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]