BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov: Multikultural dəyərlər Azərbaycan xalqının milli sərvətidir -

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov: Multikultural dəyərlər Azərbaycan xalqının milli sərvətidir

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov: Multikultural dəyərlər Azərbaycan xalqının milli sərvətidir

  instaqram AZpress.AZ

  facebook 

Bəşər övladı yarandığı gündən bəri inancı, həyat tərzi, adətlərinin müxtəlifliyi ilə seçilmiş, bu anlayışların fonunda digər cografiyada yaşayan insanlardan fərqlənmişdir. İnsanlar doğru bildikləri ilə yaşamış və bu yaşam tərzini nəsildən nəslə ötürmüş, yaratdıqları ədəbi, maddi və mənəvi abidələrlə dünya mədəniyyətinə böyük töhfələr vermişlər.

 
Mədənilik səviyyəsi artdıqca insanlar, xalqlar və dövlətlər səviyyəsində digərlərinə olan anlamlı yanaşma, dözümlülük prinsipləri yaranmaga başladı. Beləliklə, bəşər tarixində yeni era – multikulturalizm erası yarandı. Müasir multimədəni cəmiyyət kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Bu anlayışın izahı ondan ibarətdir ki,  burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Ulu Öndərimiz Heydər Əliyev  multikulturalizmdən  bəhs edərkən demişdir: “Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasına  uşaqlıq illərindən  başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə  olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konfranslar daxilində biz ünsiyyət  mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq  mədəniyyətini  formalaşdırmağa  cəhd  göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir.” Ölkəmizdə tarixən bu sahəyə pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilib. İlk Humanitar Forum 2010-cu ilin yanvarında Bakıda keçirildi. Bu tədbir geniş rezonansa səbəb oldu və effektiv nəticələr verən ənənəyə çevrildi. Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər  xalqların və etnik  qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə dövlətimizin coxmədəniyyətlillik adına bəşəri dəyərlərə verdiyi yüksək qiymətin bir daha şahidi olduq.

 
Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-yədək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir.

 
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir.

 
Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azərbaycanda azsaylı xalqların adət-ənənələrinin qorunub saxlanılmasında və onların təbliğində ümumilikdə bütün kitabxana-informasiya orqanlarının da rolu əvəzsizdir. Bu baxımdan  kitabxanalar öz işlərini səmərəli qurmalı, kitabxanalarda keçirilən hər bir kütləvi tədbir müasir dövrün tələblərinə uyğun olmalı, oxucuları cəlb etməlidir. Kitabxanada keçirilən kütləvi tədbirlər oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Kütləvi işin mərkəzində daim kitab durur. Ümumiyyətlə, kitabxanalarda Multikulturalizm siyasəti - müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. Bu baxımdan multikulturalizmin qaynaqlarını araşdıran zaman xeyli maraqlı məqamlar, yeni istiqamətlər üzə çıxır. Multikulturalizm haqqında ölkəmizdə son illər sənəd axını sürətlə inkişaf etməkdədir. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, son illərdə multikulturalizm üzrə ölkəmizdə 2000-dən çox sənədli informasiya nəşr olunmuşdur ki, onların da əsas hissəsi kitab və məqalələrdir. Bunlara misal olaraq aşağıdakıları xüsusilə qeyd etmək olar:

 
1.Heydər Əliyev siyasəti:Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər;

 
2. Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları;

 

3. Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları;

 
4. Azərbaycanda birgə yaşayış və multikulturalizm;

 
5.Multikulturalizm siyasəti şərq-qərb müxtəlifliyi;

 
6.Multikulturalizm siyasəti;

 
7.Multikultural təhlükəsizlik;

 
8.Müasir dünyada mədəniyyətlərarası münasibətlər;

 
9. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları və s.

 
Multikulturalizmə dair sənəd axınında dövrü nəşrlər əsas yer tutur və onların intensivliyi ildən-ilə yüksəlir. Bunu aşağıdakı cədvəldən də görmək olar.

 
2015-ci il - 179

 
2016-cı il - 1097

 
2017-ci il - 326

 
2018-ci il - 184

 
2019-cu il - 322

 
Göründüyü kimi, yalnız  2016-cı ildə multikulturalizmə dair çap olunan əsərlər 1000-dən çox olmuşdur.

 
Nəticə olaraq vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin multikultural dəyərlərə verdiyi önəm onun sənəd-informasiya təminatı sistemində də özünü qabarıq şəkildə biruzə verir.
 



Nadir İsmayılov
Bakı Dövlət Universitetinin
Biblioqrafiyaşünaslıq kafedrasının müdiri

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]