İtaliyada Xocalı soyqrımının 29-cu ildönünü ilə əlaqədar videoformatda konfrans və konsert-rekviyemdən ibarət tədbir keçirilib -

İtaliyada Xocalı soyqrımının 29-cu ildönünü ilə əlaqədar videoformatda konfrans və konsert-rekviyemdən ibarət tədbir keçirilib

 İtaliyada Xocalı soyqrımının 29-cu ildönünü ilə əlaqədar videoformatda konfrans və konsert-rekviyemdən ibarət tədbir keçirilib

Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 29-cu ildönümünün anılması ilə əlaqədar videoformatda "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin rəsmi Facebook sosial şəbəkə profili üzərindən 26 fevral tarixində səhər saatlarında canlı yayımlanıb.

Konfransda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Stefano Luçidi, İtaliyanın tanınmış tarixçi alimi, professor Franko Kardini, Venesiya Ka Foskari Universitetində müasir Azərbaycan tarixi üzrə tədqiqatçı, professor Karlo Frappi və “Sandro Teti Nəşriyyat Evi”nin rəhbəri, naşir, politoloq Sandro Teti iştirak ediblər. Konfransa İtaliyadakı Azərbaycan İcması Assosiasiyasının sədri Turan Sadiqi moderatorluq edib.

Konfransın əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Məmməd Əhmədzadə Xocalı soyqırımı, onun ağır nəticələri barədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü kontekstində danışıb. Xocalı soyqırımının günahkarlarının bu günə kimi davam edən cəzasızlığı səbəbindən Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələrinin döyüş meydanından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər yaşayış məntəqlərinə hücumlarında mülki əhali arasında daha çox tələfata nail olmaq üçün kasetli bomba və raket sistemləri kimi daha ölümcül silahlardan istifadə etdiyini bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülh, dialoq və əməkdaşlıq imkanlarına yol açır. Lakin mülki əhaliyə qarşı cinayət törədənlərin hələ də cəzasız qalması Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın əldə olunması prosesinə mane olmaqda davam edir. Buna görə də münaqişə zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətlərin ortaya çıxarılması, zərərçəkmiş şəxslərə müvafiq təzminatın ödənilməsi, bu cinayətlərin təkrarlanmaması üçün institusional tədbirlərin görülməsi kimi addımlar iki xalqın sülh içində birgə yaşayışının təmin edilməsi üçün zəruridir.

Səfir bunun üçün Xocalıda baş verənlər barədə beynəlxalq səviyyədə məlumatlandırma tədbirlərinin əhəmiyyətini bildirib, bu xüsusda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kompaniyası və onun nəticələri barədə məlumat verib.

Senator Stefano Luçidi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Azərbaycan və bütün regionun yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu bildirib, bu səbəbdən də

bu il Xocalı faciəsinin əvvəlki illərdən fərqli bir şəraitdə yad edildiyini qeyd edib. Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin bütün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb. İstər Xocalı soyqırımı, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatların mövqeyi, o cümlədən BMT TŞ-nın qətnamələrindən danışan senator İtaliya parlamentində dəfələrlə bu mövzularda bəyanatla çıxış etdiyini bildirib və Xocalı soyqırımının 29-cu ildönümü günlərində Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Professor Franko Kardini Qafqaz bölgəsinin tarixinə nəzərə salaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının baş verməsi ətrafında gedən geosiyasi prossesləri təhlil edib, bu kimi qətliamlarla bağlı maarifləndirmə və məlumatlandırmanın vacibliyini bildirib.

Professor Karlo Frappi isə Xocalı qətliamının qısa və uzunmüddətli təsirlərindən danışıb, 29 il əvvəlki hadisələri xatırlamağın bu gün baş verənlərin dərk edilməsi üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Xocalı faciəsi törədilən an baş verənlər beynəlxalq ictimaiyyətin diqqətsizliyi və məlumatsızlığı ilə qarşılaşsa da əslində bu hadisə erməni xalqı haqqında dünyada o vaxta qədər mövcud olmuş fikirlərin dəyişməsinə səbəb olmuş, eləcə də istər Azərbaycanın, istərsə də münaqişənin tarixi üçün bir dönüş nöqtəsi olmuşdur.

Sandro Teti isə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən Əmir Qut və Arye Qutun müəllifi olduqları Xocalı faciəsindən bəhs edən "Ağrı" kitabı da daxil olmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümumilikdə Azərbaycan haqqında çoxsaylı kitabların nəşr edildiyindən danışıb. O, son illər ərzində Azərbaycan həqiqətləri haqqında həm İtaliyada, həm də ümumilikdə bütün dünyada daha geniş məlumatların çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib. Müstəqilliyinin ilk illərində Ermənistanın işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün problemləri kimi ağır şəraitlə üzləşməsinə baxmayaraq, Azərbaycanın bölgənin lider ölkəsinə çevrildiyini və İtaliyanın strateji tərəfdaşı olduğunu deyib.

Konfrans vaxtı Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər ilə bağlı video və fotomateriallar, xəritə və plakatlar nümayiş olunub.

Tədbir İtaliyanın "I Bricconcello" kamera ansamblının üzvləri, tanınmış musiqiçilər violançelist Pierluici Ruccero və pianoçu Luçiano Di Candomeniconun ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunan Azərbaycan, italyan və dünya musiqi irsindən olan təsirli parçalardan, o cümlədən "Sarı gəlin", Kəmalə Əli-zadənin "Xocalı üçün vokalis" və Sevda İbrahimovanın əsərlərindən ibarət konsert-rekviyem ilə davam edib.

Tədbirə bu keçid vasitəsilə baxmaq mümkündür: https://www.facebook.com/AmbasciataAzerbaigian/videos/2878160102403425/?vh=e&d=n

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]