Taleh Mirzəyev: Xocanın dönüşü

Taleh Mirzəyev: Xocanın dönüşü

Təxminən 30 il əvvəl... O zamanlar zalımın hökm etdiyi, xeyirlə-şərin yerini dəyişdiyi, Azərbaycan xalqının başının üstünü qara buludların aldığı bi zaman idi. Köməksiz, əliyalın xalq, xaotik idarə olun ölkə taleyin ümüdünə qalmışdı. Belə bir vaxtda boşluqdan istifadə edib Vətənin dilbər guşəsi – Qarabağın bağrında  çiban kimi baş qaldıran erməni qəsbkarları vəhşi bir ehtirasla qonşu torpaqlarına hücuma keçdi. Bu günün sabahı var deməyib, ədaləti gücdə görən qorxaq və miskin varlıqlar doğma yurdumuza soxuldular və yurdun insanının köməksiz və çaşqın halında ona amansız divan tutdular. Bu müsibətlərin nəticəsində Qarabağ kimi əvəzsiz və ayrılmaz parçamız bizdən zorla qoparıldı, işğal altında düşdü, 1 milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, 20 min nəfərdən çox bacı və qardaşlarımız Şəhid oldu, minlərlə yurddaşımız öz yurdunda yağının olmazın işgəncələrinə məruz qalıb, girov oldular... – bu mənzərəni bir neçə sətirlik yazı ilə təsvir etmək belə olduqca dəhşətlidir. Bəs bəşər tarixində misli görülməmiş bu cür vəhşilik və qəsbin səbəbi nə idi?!
 

Yuxarıdakı suala cavab verməmiş bu təlatümlü hadisələrin daima qan sızan yarası, bəşəriyyətin qara ləkələrindən biri olan “Xocalı soyqırımı”na nəzər salaq. Təsəvvür elə: bir gecədə bir şəhəri Yer üzündən silmək, onun əhalisini güllə-baran etmək, sağ qalanlara amansızlıqla və ən ağlagəlməz üsullarla işgəncələr etmək, mindən çox insanı girov aparmaq, minlərlə insanı qarlı-şaxtalı yollarla meşələrə, dağlara sıxışdırmaq ... – özü də Azərbaycanın döyünən ürəyində, toy-büsatlı musiqi paytaxtında – Qarabağda. Buna necə cürət edə bilmişdi bədnam erməni qonşularımız?! ...


Bu yazını oxuyan əziz Gənc!


“Xocalı” adı məna-mənşə etibarilə saf türkcədən gəlir və “xoca” – “müəllim, ağsaqqal” sözündən olub “böyüklü, ağsaqqallı yer” demək. Mistik olsa da, bunu xatırlamamızda hikmətli və ibrətamiz bir uyğunluq var. Bir məkan ki, adında “ağsaqqal, böyük, yolgöstərən, müəllim” sözü ola, o yeri nə zaman zəbt etmək olar?! – Bu məkan “xocasız” qalanda... Bəli, məhz xocasız – rəhbərsiz, böyüksüz, başsız qalanda! Vaxtilə ölkəmizin ağır günlərində xocasızlıq ucbatından Xocalı boyda bir tonqal qalandı Azərbaycanın bağrında – xalqımız tarixin şahid olmadığı soyqırımına uğradı...


Bu acı dünya durduqca bizimlə yaşayacaq. Lakin, qeyrətli Azərbaycan xalqı özünü topladı, - bu qandonduran vəhşətə baxıb sınmadı, əksinə and içdi ki, bir gün xocaları ilə birgə bu torpaqlara geri dönəcək və döndü də! Nəhayət 28 il sonra müzəffər Ali Baş Komandan, Cənab prezident İlham Əliyevin rəhbərliyi - xocalığı ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük “Vətən müharibəsi” ilə şanlı zəfərə imza atdı - ərazi bütövlüyümüzü bərpa etdi!


Bu gün Xocanın dönüş günüdür! Yaralı Xocalı, bağışla bizi! Biz bütün yaralarını sarımağa gəldik. Səni qanla tərk etmişdik, qanla da geri dönürük, Ana Vətən uğrunda üç minə yaxın oğul özünü qurban dedi! Amma bu dəfə əbədi və xocalı gəlmişik! Sənin bizə, bizim sənə dönüşümüz mübarək!


Taleh MİRZƏYEV,
ADPU

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]