Paytaxtdakı təhsil müəssisələri Xocalı hadisələrini anıb - - FOTO

Paytaxtdakı təhsil müəssisələri Xocalı hadisələrini anıb - FOTO

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib.


“Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan ənənəvi və onlayn dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.


Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bir daha şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarılıb.


Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.


Bundan əlavə Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn və ənənəvi qaydada tədbirlər də keçirilib. Tədbirlərdə Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu və bu hadisənin heç vaxt yaddaşlarımızdan silinməyəcəyi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı sübuta yetirilib.


Həmçinin təhsil müəssisələrində Xocalı faciəsinə dair virtual rəsm müsabiqəsi və sərgilər də  təşkil edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]