BDU-da Nizami Gəncəvi ili çərçivəsində akademik Rafael Hüseynovun iştirakı ilə ilk tədbir keçirildi -

BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində akademik Rafael Hüseynovun iştirakı ilə ilk tədbir keçirildi

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamı ilə əlaqədar olaraq ilk onlayn tədbir keçirilib. Tədbirdə Şərqşünaslıq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov iştirak edib.
 

Tədbirin moderatoru İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edib.
 

Akademik Rafael Hüseynov “Nizami Gəncəvinin ötürücülük və qovuşduruculuq missiyası” mövzusunda məruzə edərək dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. Nizami irsinin sadəcə ədəbiyyat deyil, musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib. Akademik Rafael Hüseynov çıxışında həmçinin Bakı Dövlət Universitetində Nizami irsi ilə bağlı müxtəlif elm sahələri üzrə məqalələr toplusunun nəşr edilməsinin, Şərqşünaslıq fakültəsində kalliqrafiya sənətinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb.
 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı haqqında məlumat verib. Bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfransların, simpoziumların, elmi seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını, eyni zamanda akademik Rafael Hüseynovun ideyasını dəstəkləyərək BDU-da nizamişünaslığa həsr olunmuş toplunun nəfis şəkildə çap olunacağını qeyd edib. Rektor Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində mütəmadi olaraq belə mühazirə və qiraətlərin təşkil olunmasının dahi şairin ədəbi irsinin öyrənilməsi baxımından əhəmiyyətli olacağını bildirib. BDU tələbələrinin Nizami irsinin geniş tədqiq olunduğu ölkələrin elm və təhsil  müəssisələrində təcrübə keçmələri, kadr hazırlığı istiqamətində görüləcək işlərdən bəhs edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]