BDU-da Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri mövzusunda Beynəlxalq elmi konfrans keçirilib - - FOTO

BDU-da “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib - FOTO

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib. Elmi konfransda BDU-nun professor-müəllim heyəti, doktorant, magistrant və tələbələri iştirak edib.
 

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış  edən  BDU-nun rektoru Elçin Babayev Xocalı soyqırımının erməni işğalçılarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən biri olduğunu bildirib. Rektor qeyd edib ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə saatlarında şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişdir. Soyqırımı nəticəsində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər yaralanmışdır. 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150-sinin taleyi hələ də məlum deyil.
 

Rektor Xocalı soyqırımına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıraraq bildirib ki, bu gün Xocalı həqiqətlərinin dünyada soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılması bu istiqamətdə atılmış ən vacib addımlardandır. Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 29 il ötməsinə baxmayaraq faciənin acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, hər birimizin vətəndaşlıq borcudur.
 

E.Babayev Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun parlaq qələbəsi və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək xalqımızın haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılan mərhələ olduğunu bildirib. Bu gün şanlı ordumuzun torpaqlarımızın keşiyində qəhrəmanlıqla dayandığını, düşmən təcavüzünə layiqli cavab verən gücə sahib olduğunu vurğulayıb. Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsinin Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminat olduğunu diqqətə çatdırıb.
 

Daha sonra İstanbul Universitetinin professoru Cüneyt Yüksel "Xocalı soyqırımı və pozulan insan hüquqları beynəlxalq hüquq perspektivində", BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov “Xocalı soyqırımı: səbəb və nəticələri”, Yeni Türkiyə Strateji Araşdırma Merkezinin başqanı, professor Kamal Çiçek “Hocalı soykırımının tarihsel arka planı”, Türkiyə Respublikasının İstanbul Universitetinin professoru Mustafa Budak “Türk matbuatında Hocalı soykırımı ve Türkiyenin siyaseti”, BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Xocalı soyqırımına görə beynəlxalq hüquqi məsuliyyət”, Pakistan İslam Respublikasının CUI-COMSATS Universitetinin professoru Aqeela Asif “Khojaly Genoside and Kashmir issue - violation of human rights”, BDU-nun Diplomatiya və müasir inteqrasiya kafedrasının dosenti Təranə Tağıyeva “Xocalı soyqırımı - insanlıq tarixinin növbəti qara ləkəsi kimi” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarda Xocalı hadisəsinin səbəbləri və nəticələri, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kobudcasına pozulması, ölkə daxilində və xaricdə Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
 

Konfransda BDU-nun əməkdaşı Lalə Hüseynzadənin Xocalı faciəsinə həsr etdiyi qum kompozisiyası nümayiş etdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]