Arzu Hüseyn: Salam, ömrüm, biz tərəfə qar yağır,...

Arzu Hüseyn: Salam, ömrüm, biz tərəfə qar yağır,...

 

Arzu Hüseyn: 
Salam, ömrüm, biz tərəfə qar yağır...

 

 

Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki, əzizim...

 


Baxırsan ki, quş yuvası yiyəsiz,
Baxırsan ki, ağacların barı yox.
Yaşayırsan "bəlkə"lərsiz, "niyə"siz,
Yaşayırsan, yarı varsan, yarı yox.

 


Bürünürsən keçən ilki pencəyə,
"Üşüyərsən" - deyənin yox sazaqda.
Gizli-gizli ağlayırsan gecəyə,
Gülür sənə küçədəki uşaq da.

 


Baxırsan ki, dağınıqsan, pintisən,
Yaşadığın qəfəsmidir, odamı?
Tanımırsan öz özünü indi sən,
Tanımırsan güzgüdəki adamı.

 


Salam, ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə köpək kimi darıxır,
Adam elə darıxır ki əzizim...

 

 

***   ***   ***

 

 

Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.


Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən Birdənəm,
Əcəb qırdın qanadımı ay Adam.


Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.


Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...


Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura​ biləsən.


Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.


Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...

 

***   ***   ***

Artıq olmazları aşmışam məndə,
Genəlib sərhəddi günahlarımın.
Ürəyim döyünmür adın gələndə,
Səbəbi deyilsən sabahlarımın.

Dəyişdim bir gündə, bircə andaca,
Elə bil gözümdən pərdə çəkildi.
Dünya dağılsa da, gülərəm ancaq,
Yox, Ömrüm əvvəlki deyiləm indi.

Məni sən dəyişdin, bahardım axı,
Al götür bu yağış, bu boran sənin.
Yaxşı bax, əsərin mükəmməl çıxıb,
Hər cizgim altında var imzan sənin....
 
 
***   ***   ***
 
 

Birdə inanmaq.

Mənim darıxmağa adamım yoxdur,
Elə tələsməyə görüş yerim də.
Bütün sevinclərim düyünə dönüb,
İlişib alnımın qırış yerində.

Tuturam kofeyə halsızlığımı,
Yarpağa dönürəm saralıb düşən.
Mən ki bu dünyaya yalqızlığımı,
Özümlə bərabər pay gətirmişəm.

Duyduğum vədlərə inanmam daha,
Sözlərin qüdrəti sovruluncadı.
Həvəsim qalmayıb qanad açmağa,
Çətini bir dəfə yoruluncadı.

Qovuram fikrimdən kor gümanları,
Qayğılı gözlərim hələ yol çəkir.
Çətindir unutmaq yaşananları,
Təzədən birinə inanmaq təki...

 

***   ***   ***

 

Artıq bizi xilas etməz gümanlar,
Bağışlayar nə göy, nə də yer bizi.
Yanımızda ögey-ögey adamlar,
Yanımızda yad nəfəslər var bizim.


Dodağında neçə öpüş izi var,
Bu idimi inamımın bədəli?
Yatağında fərqli-fərqli qadınlar,
Yastığında neçə qərib saç teli.


Başqasına sarılmışam özüm də,
Ümüdsüzlük ürəyimi sıxanda.
Heç onda da getməmisən gözümdən,
Heç onda da düşməmisən yaxamdan.


Bir ümüdü min yalana yem etdin,
Xatırlayıb saflığımı gülürəm.
Nə etdinsə ikimizə sən etdin,
Nə etdimsə mən elədim bilirəm.


Başqaları göz yaşımı qurutdu,
Ürəyimi ovutmadı bağışla.
Dodaqlarım öpüşünü unutdu,
Yanaqlarım unutmadı bağışla...


Yollarından əl üzübdür nəzərim,
Xəbərsizdi ölümümdən küçələr.
Yuxudadı balıqları Xəzərin,
Mürgüləyir yuvasında sərçələr...

 

***   ***   ***

 

Yenidən oxuyun


Sonuncu yarpaq da endi budaqdan,
Başını dumanlar aldı dağların.
Yenə bir əlvida qopdu dodaqdan,
Yeni bir yolçusu var uzaqların.


Ağlasam göz yaşım səni durdurmaz,
Verdiyin qərarda qətisən bəlkə.
Bu boyda dünyada kədər tapılmaz,
Mənə yaşatdığın kədərdən yekə.


Nə deyim, son sözün sussdurdu məni,
Təpədən dırnağa təzadsan, təzad.
Taxdın inadıma kələpçələri,
İndi mən məhbusam, indi sən azad.


Nə son yarpaq idi budaqdan düşən,
Nə son qaranquşdu köç edib gedən.
Sən idin qəlbimi incidən deşən,
Sən idin səbəbkar, sən idin nədən.


Susub çarəsizcə yola saldığım,
Arxanca ağladı buludlar gecə,
Bu gündən bilmirəm qurban olduğum,
Necə yaşayacam mən sənsiz necə...

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]