Peru deputatları ilə Xocalı soyqırımı ilə bağlı onlayn görüş keçirilib - - FOTO

Peru deputatları ilə Xocalı soyqırımı ilə bağlı onlayn görüş keçirilib - FOTO

Fevralın 22-də  Azərbaycan Milli Məclisinin və Peru Konqresinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında onlayn formatda görüş keçirilib. Görüşdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb.


Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev görüş iştirakçılarını salamlayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirilib ki, Azərbaycan xalqı Peru xalqına və dövlətinə hörmətlə yanaşır. Qeyd edilib ki, 10 iyun 2013-cü il tarixində Peru Respublikasının Milli Konqresi Xocalı soyqırımını qınayan, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib. Həmin sənəddə Xocalı soyqırımına ədalətli hüquqi və siyasi qiymət verilib. Bu addıma görə qarşı tərəfə  minnətdarlıq ifadə edilib.


Bildirilib ki, Peru öz ərazisinə görə dünyanın ən böyük 20 dövləti sırasındadır. Lakin dövlətlərin böyüklüyü yalnız ərazi, iqtisadi, hərbi potensialı deyil, həmçinin  beynəlxalq normalara riayət etməsi, haqqın, ədalətin yanında olması ilə ölçülür. Bu baxımdan Peru bizim üçün ən böyük dövlətlərdən biridir. Biz Peru xalqına, dövlətinə hər zaman hörmət bəsləyirik.


Görüşdə iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verilib. Sahib Alıyev Qoşulmama Hərəkatının üzvü kimi Peru dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.


Bildirilib ki, Qoşulmama hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT-nin  koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Ölkəmiz  pandemiya ilə mübarizədə 30-dan artıq dövlətə yardım edib. Eyni zamanda, Dünya Səhiyyə Təşkilatına vəsait ayırıb.


Peru Respublikası Milli Konqresinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Guilermo Alexandro Antonio Aliaga Paxares səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, Peru xalqının, dövlətinin sülh tərəfdarı olduğunu söyləyib. Bu baxımdan Konqresdə Xocalı soyqırımı ilə bağlı qəbul  edilən sənədin önəmli olduğunu qeyd edib.


Söhbət zamanı Peru Konqresinin üzvü Rikardo Burga, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüblər.


Görüşdə Peru parlamentinin üzvləri Leonardo İnga Sales, Abiud Ramirez də iştirak ediblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]