Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib -

Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib

Fevralın 20-də Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və arxa cəbhədə xidmət göstərən gənclərlə  xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.


Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük  Vətən müharibəsi  zamanı şücaət göstərərək öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib.   30 il müddətində Ermənistan işğalı altında olan əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilib, tarixi ədalət bərpa olunub. Ermənistanın illərlə yürütdüyü işğalçılıq və təcavüzkarlıq siyasətinə birdəfəlik son qoyulub.


Vitse-spiker qeyd edib ki, Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı ölkə başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında bir yumruq kimi birləşib, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə edib.  Hərbi qulluqçularımızın, vətəndaşlarımızın öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirib. Vətən müharibəsi zamanı gənclərimizin cəbhəyə dəstək aksiyalarında iştirakı, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyətləri xüsusi qeyd edilib.


Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə uyğun yetişdirilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında idmanın əhəmiyyətli rolundan danışılıb.


Sonda görüşdə iştirak edən Vətən müharibəsinin iştirakçılarına və arxa cəbhədə xidmət göstərən vətəndaşlarımızın bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]