Rezident Leyla Məmmədova: Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam -

Rezident Leyla Məmmədova: “Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam”

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Rezidentura təhsilinin məqsədi Universiteti bitirmiş tələbələrin gələcəkdə yüksəkixtisaslı həkim kimi yetişməsinə, onların peşəkar həkimlərin yanında təcrübə qazanmasına xidmət edir.


Hazırda Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan həkim-rezidentlərdən biri də 1-ci  kurs rezidenti Leyla Məmmədovadır.  


Rezident Leyla Məmmədova rezidentura təhsilinə başlayan dövrdə Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərərək, COVİD-19 virusu ilə mübarizəyə qoşulmuşdu. Hospitalın bütün kollektivi var gücünü bu təhlükəli infeksiyaya qarşı səfərbər edərək, gecəni-gündüzə qataraq koronavirus xəstələrinin müalicəsi ilə məşğul olmuşdur. Rezident Leyla Məmmədova Hospitalın yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Dr.Xeyal Məmmədovun rəhbərliyi altında nəzəri və praktiki biliklərə yiyələnir və bu şöbədə ən ağır xəstələrin qəbulu və müalicəsində yaxından iştirak edir.


Leyla Fəxrəddin qızı Məmmədova 1996-cı il yanvarın 19-da Bakı şəhərində anadan olub. Uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşayan Leyla xəyallarını gerçəkləşdirmək üçün 2013-cü ildə sənədlərini Azərbaycan Tibb Universitetinə verib. Qəbul imtahanlarından 513 bal toplayaraq, Universitetin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2019-cu ildə Universiteti bitirərək, 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya ixtisası üzrə rezidenturaya qəbul olunub.


Rezident Leyla Məmmədova rezidentura təhsili barədə deyir: “Mən təhsilimi Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsində başlamışam. Yəqin ki, işin ağırlığından, gərginliyindən danışmağa ehtiyac yoxdur. Biz ən ağır koronavirus xəstələrini qəbul edir, onları normal həyata qaytarmaq üçün əlimizdən gələni edirik. Koronavirusla mübarizə müddətində xəstələrə düzgün yardım etməyə və ixtisasımı dərindən öyrənməyə çalışıram. Burada mənə kuratorum Dr.Xəyal Məmmədov və şöbənin reanimatoloqları kömək edir. Ümumiyyətlə, rezidentura təhsilinə başladığım ilk gündən Hospitalın rəhbərliyinin diqqət və qayğısını hiss etmişəm. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov biz rezidentlərlə tez-tez görüşür, işimizlə, problemlərimizlə  maraqlanır, dəyərli tövsiyələrini verir. Bu kollektivdə işləyib təcrübə qazanmaqdan çox məmnunam. Arzum savadlı, peşəkar həkim olmaq, xəstələrin şəfa diləyən gözlərinə baxıb onlara ümid vermək və bunu gerçəkləşdirməkdir”.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]