Novak Cokoviç "BDT"də 28-ci dəfə finala çıxıb Naomi Osaka ilə Cenifer Berdi də finaldadır -

Novak Cokoviç "BDT"də 28-ci dəfə finala çıxıb Naomi Osaka ilə Cenifer Berdi də finaldadır

 TENNİS
-----------------------------------------
Novak Cokoviç "BDT"də 28-ci dəfə finala çıxıb
Naomi Osaka ilə Cenifer Berdi də finaldadır


Fevralın 8-də Melburnda (Avstraliya) xard örtüklü aşıq kortda startı verilən və mükafat fondu 55.450.000 dollar təşkil edən "Australian Open-2021" artıq finişə yaxınlaşır. İlin ilk "Böyük Dəbilqə" Turniri (BDT) olan bu yarışda dünən birinci yarımfinal oyunu baş tutub. Görüşdə dünyanın 1 nömrəli raketka ustası, bəlli turnirin hazırkı qalibi Novak Cokoviçlə (Serbiya) titulsuz və dünya reytinq cədvəlində 124-cü yeri tutan rusiyalı Aslan Karatsev qarşılaşıb.1 saat 54 dəqiqə davam edən görüş Cokoviçin 6:3, 6:4, 6:2 hesablı qələbəsi ilə başa çatıb. Bu BDT-nin 17 qat çempionu adını daşıyan Cokoviçin karyerasında 28-ci, qalibi olduğu bəlli turnirdə isə 9-cu finalı olub. İndiyədək "Australian Open"in finalında uduzmayan Cokoviç BDT-də 18-ci titulunu qazanmağa yaxındır. Karatsevə gəlincə, o, yarımfinala çıxmaqla həm 662 min dollar mükafat qazanıb, həm də reytinq cədvəlində 72-ci pilləyə qalxıb.

Qeyd edək ki, Cokoviçin finaldakı rəqibi 19 fevral günü keçirilməsi nəzərdə tutulan Danil Medvedyevlə (Rusiya) yunanıstanlı Stefanos Tsitsipas arasındakı yarımfinal oyununun qalibi olacaq. Yeri gəlmişkən, reytinq cədvəlində 6-cı olan Stefanos 1\4 finalda dünyaının 2 nömrəli raketka ustasını - Rafael Nadalı (İspaniya) üstələyib.

Qadınların analoji turnirində isə yarımfinal oyunları başa çatıb və finalçılar bəlli olub. Oyunlardan biri BDT-nin 23 qat çempionu adını daşıyan amerikalı Serena Uilyamsla yaponiyalı Naomi Osaka arasında reallaşıb. Qarşılaşma Gündoğar Ölkə təmsilçisinin 6:3, 6:4 hesablı qələbəsi ilə bitib. Digər yarımfinal matçında isə ABŞ təmsilçisi Cennifer Bredi çexiyalı Karolina Muxovanı məğlub edib - 6:4, 3:6, 6:4. Osakadan fərqli olaraq, 25 yaşlı Berdi karyerasında ilk dəfə olaraq BDT-nin finalına çıxıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]