Arif Əsədullayevin Azərbaycanın klassik 12 instrumental muğamı adlı kitabının prezentasiyasına həsr olunmuş elmi konfrans keçirilmişdir. -

Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının prezentasiyasına həsr olunmuş elmi konfrans keçirilmişdir.

 Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının prezentasiyasına həsr olunmuş elmi konfrans keçirilmişdir.

 

26 yanvar 2021-ci il tarixində Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının prezentasiyasına həsr olunmuş elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Ü. Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə açdı. O, Arif müəllimin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaiti olduğunu bildirdi.
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Arif Əsədullayevin elmi fəaliyyətinə bir nəzər” adlı məruzə ilə çıxış etdi. O, Əsədullayevlər familyasının Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından, Arif müəllimin elmi və pedaqoji fəaliyyətindən danışdı. Nuridə xanım bildirdi ki, nota salınmış bu muğamlar muğamatın onun elminin tədqiqi və təbliği ilə məşğul olan tədqiqatçı və ifaçılar üçün əsl istinad mənbəyidir.
20 ildən artıqdır ki, çox önəmli bir işlə - Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycanın klassik 7 instrumental muğamını - “Çaargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazmış, daha sonra isə qalan muğamları – “Mahur hindi”, “Orta Mahur”, “Bayatı Qacar”, “Bayatı-Kürd”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah”- instrumental muğamlarını “ Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş musiqi ictimaiyyətinə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan catdırılmasında əvəzsiz elmi mənbədir.
Daha sonra elmi tədqiqat laboratoriyasının əməkdaşları konfransın proqramı üzrə elmi məruzələri ilə çıxış etdilər: elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev “Muğam tədrisinin bəzi elmi-metodik məsələləri”, Azərbaycan Respublikasının Bİ idarə heyətinin üzvü, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanov “Ustad, müəllim, şəxsiyyət”, emi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev “İlkə imza atan - Arif Əsədullayev”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Muğamların nota alınmasının mühüm xüsusiyyətləri”, Ü. Hacıbəyli adına BMA-nın doktorantı, elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova “Peşəkarlığın zirvəsində”.
Konfransın onlayn keçməsinə baxmayaraq, 50-yə yaxın insan və xüsusi qonaqlar iştirak etmişdir: Azərbaycanın xalq artisti, professor Ş.Eyvazova, Azərbaycanın Xalq artisti, professor E. İsgəndərov, Metodika və xüsusi hazırlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq namizədi D. Məmmədova, II Qarabağ müharibəsinin iştirakçısı, Ü.Hacıbəyli adına BMA-nın magistri E.Əmirli, İran İslam Respublikasının vətəndaşı, Ü.Hacıbəyli adına BMA-nın vokal kafedrasının tələbəsi Z.Bağhabzadeh, Azərbaycan Energetika İnstitutu “Layihə smeta” şöbəsinin müdiri S.Mirzəyev, Sankt-Peterburq Musiqi Pedaqoji kollecinin müəllimi L.Qurbanova və tələbələr.
Sənətşünaslıq namizədi, dosent Dilbər Məmmədova dahi Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabından, muğamların səs düzümündən və Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açdı. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaiti haqqında öz fikirlərini bildirdi.
Arif Əsədullayevin həyat yoldaşı Azərbaycanın xalq artisti, professor Şəfiqə Eyvazova Arif Əsədullayev haqqında öz ürək sözlərini və konfrans iştirakçılarına minnətdarlığını bildirdi. Sonda Arif Əsədullayev konfransda iştirak edən Ü. Hacıbəyli adına BMA-nın elmi və innovasiyalar üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə, elmi-tədqiqat laboratoriyasınıın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadəyə, məruzəçilərə, qonaqlara, elmi-tədqiqat laboratoriyasının əməkdaşlarına xüsusi minnətdarlığını bildirərək, kamançada gözəl ifası ilə konfransı yekunlaşdırdı. Olduqca dolğun və rəngarəng tərtib olunmuş konfransda çıxışlar arası müxtəlif videoçarxlar nümayiş etdirilmişdir.

 

Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]