Azər HƏSRƏT: - İşğaldan qurtarılmış torpaqların bərpası: modul, yoxsa?..

Azər HƏSRƏT: İşğaldan qurtarılmış torpaqların bərpası: modul, yoxsa?..

 İşğaldan qurtarılmış torpaqların bərpası: modul, yoxsa?..

 

Sosial mediada gözümə dəyən xəbərdə deyilirdi ki, hökumətimiz işğaldan azad edilmiş yaşayış məntəqələrinin yenidən qurulmasında modul tipli məskunlaşmaya üstünlük verəcək. Yəni kəndlərin əvvəlki simasının bərpa edilməsi, yaxud da hər kəsin öz yurd yerini yenidən qurması nəzərdə tutulmur.

Açığı, bu xəbərin nə qədər doğru olduğunu bilmirəm. Lakin düşünürəm ki, istənilən halda oraların yenidən qurulması ilə bağlı fikirlərimizi paylaşmaqda yarar var.

Şəxsi qənaətimdir və əminəm ki, hər kəs də belə düşünür: hər bir dağıdılmış ev öz yerində, mümkün qədər əvvəlki arxitektur görkəmi saxlanılmaqla bərpa edilməlidir. Biz hər bir kəndə, qəsəbə və şəhərə onun işğaldan öncəki simasını qaytarmalıyıq. Heç şübhəsiz bunu oraların sakinləri də arzu edəcəkdir. Çünki hər bir insan ömrü boyu həyatının bir mərhələsinin keçdiyi yerləri xatırlar, oraların həsrətini çəkər. Bəzən insana qapıdakı adi bir ağac, yaxud da yol kənarındakı bir daş da çox və çox əziz olur. O baxımdan indi o torpaqlar öz doğma sakinləri üçün hədsiz dərəcədə doğmadır, əzizdir. Belə olan halda oraya qayıdacaq insanlarımız mütləq əvvəlki görkəmi görməyi arzu edirlər. Şəxsən ünsiyyətdə olduğum soydaşlarımızın hər birisi bu fikri səsləndirir. Ona görə də hər bir yaşayış məntəqəsinin sakinlərinin fikri nəzərə alınmalıdır.

Bəs, dövlət nə etməlidir? Bunun cavabını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə verib. Biz də təkrarlayırıq: Azərbaycan dövləti o torpaqları, o yurd yerlərini yenidən quracaq, dirçəldəcək. Hələ əlavə də edirəm ki, bizim dövlətimiz düşmənə göz dağı vermək üçün oralarda xarüqələr yaradacaq. Buna heç kimin şübhəsi olmasın.

Demək ki, dövlətin ən ali iradəsi işğaldan qurtarılmış yurd yerlərimizin ən yüksək səviyyədə bərpası üçün hər şey edəcək. Bunun üçün böyük pullar xərclənəcək. Böyük işçi qüvvəsi, əlavə yatırımlar cəlb ediləcək. Bu isə o deməkdir ki, uzağı iki il içində biz hazırda görməkdə olduğumuz xarabalıqlarla vidalaşmalı olacağıq.

Bizim təklifimiz odur ki, bütün yaşayış məntəqələri əvvəlki görkəmində bərpa edilsin. Əlbəttə, bunu bütün hallarda gerçəkləşdirmək asan olan deyil. Lakin öz evinin yerini bilən, onun görkəmini xatırlayan və eyni qaydada bərpa edə biləcək yüz minlərlə insanımız var. Dövlət onlara şərait yaratsa həmin insanlar gedib məhz öz yurd yerlərində – işğaldan öncəki evlərinin yerində ev tikə bilərlər. Düzdür, deyilir ki, oralardakı evləri dövlət tikəcək. Tiksin. Eyni qaydada vətəndaşlara maliyyə də ayırmaq olar ki, onlar özləri evlərini bərpa etsinlər. Bir kənd evinin tikilməsi üçün ortalama 50 min manat yetərli olacaq. Məncə. Əlbəttə, bu rəqəm ortalamadır. Lakin əminəm ki, hər bir evin sahibinə o qədər maliyyə ayrılsa insanlar öz vəsaitlərini də əlavə edib daha möhtəşəm evlər tikə biləcəklər. Hətta eşidirik ki, bəzi köçkün soydaşlarımız heç dövlətdən yardım gözləmədən gedib evlərini tikmək istəyirlər. Minalardan təmizləndikdən sonra niyə onlara izn verilməsin bu iş üçün? Getsinlər, tiksinlər və oralarda yaşamağa qaldıqları yerdən davam etsinlər.

Bəs, modul tipli yaşayış məntəqələri də tikmək olarmı? Bunu da istisna etməyək məncə. Ola bilər ki, bir kəndin, bir məhəllənin sakinləri ortaq məxrəcə gəlib belə bir yaşayış şəraitinə üstünlük versin. Olsun. Onların da istəyini nəzərə almaq zərərli olmaz. Bununla belə görürük ki, əksəriyyət öz doğma ocağını bərpa edib ora qayıtmaq istəyir. Bunu gerçəkləşdirmək həm də tarixi bağların bərpası demək olacaq. Özəlliklə də ermənilərin Azərbaycan tarixini saxtalaşdırmaq üçün dəridən-qabıqdan çıxdığı bir vaxtda köhnə yurd yerlərini bərpa etmək yerinə modul evlərə üstünlük vermək öz əleyhimizə işləyəcək…

Bir də onu əlavə etmək istərdik: hər bir ev yenidən qurulmazdan öncə onun hazırkı xarabalıqları lentə alınmalı, şəkilləri böyük ölçüdə çap edilərək yeni tikilən evlərdə sərgilənməlidir. Varsa, işğaldan öncəki şəkilləri də bura əlavə etmək işin xeyrinə olardı. Təkrarçılıq olmasın, hər kənddə bir neçə evin xarabalıqlarını da olduğu kimi saxlamaq, sərgiləmək vacibdir.

Bütün bunlarla bərabər bütün xarabalıqlar sənədləşdirilərək dünya üçün əlçatan məlumat bazasında yerləşdirilməlidir. Özü də mümkün qədər çox xarici dildə…

Dədəli, Xaçmaz

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]