Erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib -

Erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib

-    Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib.
-    25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar göndərilib.
-    Ermənistanın törətdiyi cinayətlər haqqında 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.

Xəbər verildiyi kimi, yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.


Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən bildirilmişdir ki, Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirmiş, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılmışdır.


Qeyd edilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilmişdir.


Eyni zamanda, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.


Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin  ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılmış, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılmışdır.


Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilmişdir.


Qeyd edilmişdir ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilmiş, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.


Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılmışdır.


Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd edilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]