Şəhid Əlvan Bağırovun xatirə günü -

Şəhid Əlvan Bağırovun xatirə günü

Şəhid Əlvan Bağırovun xatirə günü

 

Yanvarın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Əlvan Bağırovun xatirəsi ehtiramla anılıb.

28 il öncə, Birinci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Əlvan Bağırovun xatirəsi onun yaxınları, bir qrup qəsəbə sakini və İkinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yad edilib.

Şəhidin məzarı önünə toplaşanlar onu xoş sözlərlə xatırlayıblar.

Bildirilib ki, Əlvan Ramazan oğlu Bağırov 1973-cü il sentyabrın 4-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilini Həsənəküçə kənd və C.Cabbarlı adına tam orta məktəblərində alıb. Təhsilini başa vuran Əlvan 1992-ci il may ayının 4-də Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidməti dövründə özünə xas mərdliyi və cəsarəti ilə fərqlənib, xoş xasiyyəti və davranışı ilə silahdaşlarının hörmətini qazanıb.

1992-ci ilin sentyabrından Ağdamda, Yeddi Xırman deyilən yüksəklikdə yerləşən postlarda gecə-gündüz, ayıq-sayıq xidmət aparıb. Cəbhə boyu şiddətli döyüşlərdə mütəmadi olaraq iştirak edib. Silahdaşlarının sözlərinə görə, bu istiqanlı və qorxmaz igid ən ağır vuruş günlərdə belə yoldaşlarından bir an da ayrı qalmayıb.

Qeyd edilib ki, döyüşlər zamanı yaralanması və 25 günlük müalicədən sonra yenidən ön cəbhəyə qayıtması məhz Əlvanın əsl vətənpərvər döyüşçü olmasını təsdiqləyir.

1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olub. Yanvarın 19-da Fərrux yüksəkliyi uğrunda gedən əməliyyat sıravi Ə.Bağırovun son döyüşü olub. Anadan olduğu qəsəbədə, Həsənəküçə qəbiristanlığında torpağa tapşırılıb.

Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəb hazırda Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əlvan Bağırovun adını daşıyır.

Xatirə günündə şəhidin məzarı önünə gül dəstələri və əklillər qoyulub, ruhuna dualar oxunub.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]