ÖNCƏ VƏTƏNDİR! -

ÖNCƏ VƏTƏNDİR!

 ÖNCƏ VƏTƏNDİR!

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn qaydada Vətənimizin müstəqilliyi dövründə, son 31 ildə baş verən hadisələrə - xalqımızın azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizəsinə, “Qanlı Yanvar” hadisələrinə və son günlər yaşadığımız Qələbə sevincini bizə bəxş edən Şəhidlərimizə həsr olunmuş “Öncə Vətəndir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açıq elan edən elmi – tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə bildirdi ki, 31 il ərzində bütün xalqımız 20 Yanvar faciəsini qeyd edir və dərin hüzünlə şəhidlərimizi anır. Bu il isə fərqlidır, biz bir xalq olaraq şəhidlərimizin qarşısında başımızı dik tutmuşuq, Qarabağımızda Şanlı Azərbaycan ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Zəfər çalmışdır. Biz Qarabağımıza qovuşmuşuq!
Daha sonra çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə 20 yanvar hadisələrinin, xalqımızın azadlıq mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi kimi yaddaşlarımıza həkk olunmasını bildirdi. 1990-cı il qanlı 20 Yanvar gecəsində ölkəsinin, xalqının azadlığını, şərəfini hər şeydən uca tutan mərd Vətən oğullarının övladları, bu 31 il ərzində Vətən sevgisi ilə böyüyən igid oğullarımız xalqımıza Böyük Qələbə gününü yaşatdı.
G.Abdullazadə öz çıxışında, Azərbaycanın və SSRİ-nin xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəylinin xüsusi olaraq dəyirmi masa iştirakçılarına yönəldilmiş sözlərini çatdırdı: ” Fərhad müəllim keçirilən anım gününə xüsusi önəm vermiş və bildirmişdir ki, Qanlı 20 Yanvar və II Qarabağ müharibəmizdə canlarından keçən, igid oğullarımız vahid amal - Vətənimiz uğrunda Şəhidlik zirvəsinə ucalmışlar!”
Dəyirmi masada şəhidlərimizi hörmətlə yad edən aparıcı elmi işçi, dosent A.Abduləliyev məruzə ilə çıxış edərək bildirdi ki, Qanlı 20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq mübarizəsinin oyanış günü olmuşdur. A.Abduləliyev o müdhiş günlərdə ümummilli lider Heydər Əliyevin xüsusi nəzarət altında olmasına baxmayaraq hadisələrə düzgün hüquqi-siyasi qiymət verdiyini, xalqının yanında olmasını və Sovet İmperiyasını qəti şəkildə qınadığını bir daha dəyirmi masa iştirakçılarına xatırlatdı.
Onlayn qaydada keçirilən dəyirmi masada iştirak edən Ü.Hacıbəyli adına BMA-nın tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, əməkdar müəllim, professor N. Quliyeva iştirakçıları salamlayaraq, Allahdan Şəhidlərimizə rəhmət dilədi və bildirdi ki, Bakı Musiqi Akademiyasında hər il 20 Yanvar şəhidləri yad edilir, müxtəlif konfranslar və konsertlər keçirilərək anılır.Yaxın gələcəkdə dəyirmi masaların, konfrans və konsertlərin məhz Şuşada keçirilməsinin vacibliyini bildirdi.
Daha sonra dəyirmi masada iştirak edən Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Y. Axundova, Metodika və xüsusi hazırlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyev, 20 yanvar İB-nin sədri S.Əzimzadə, 20 yanvar fondu-20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İB-nin sədri M.Qocaman, AMEA-sı Gİ-nun Kartoqrafiya şöbəsinin müdiri Ş.Əzizov, Qarabağ müharibəsi əlilləri, qaziləri və şəhid ailələri İB-nin sədri M.Mehdiyev, Almaniyada yaşayan həmyerlimiz, jurnalist E.Hasanof, II qarabağ müharibəsinin qazisi, xüsusi təyinatlı T.İmanov – hər biri öz çıxışlarında şahidi olduqları acı xatirələrindən, faciənin nəticələrinin Azərbaycan xalqının inam və iradəsini qıra bilmədiyindən, daha da Vətən uğrunda mübarizə mücadiləsinin artmasına səbəb olmasından məlumat verdilər. 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini xüsusilə vurğuladılar.
Dəyirmi masada çıxışlar arası Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş musiqi nömrələri - Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyevin birbaşa onlayn ifasında “Qarabağ təranələri”, II Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında ”Vətən yaxşıdır” təsnifi, Azərbaycan Respublikasının xalq artisti, professor Z.Məmmədovanın ifasında “Qələbə marşı” və bir neçə video çarxlar səsləndirildi.

Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]