BDU ilə UAFA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb -

BDU ilə UAFA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

BAKI ŞƏHƏRİ, AZƏRBAYCAN: - Bu gün Azərbaycana Birgə Yardım təşkilatı (UAFA), Bakı Dövlət Universiteti ilə qeyri-kredit, professional CHED proqramının birgə həyata keçirilməsi ilə bağlı razılaşma imzalayıb. Bu kurs uşaqların ehtiyaclarına uyğun olaraq inkişaf planı formalaşdırıb icra etmək məqsədilə uşaqların funksional dil bacarıqları, qavrama, təsəvvür və əsas motor bacarıqları, həmçinin davranışlarının qiymətləndirilməsi üçün biliklər və bir sıra metodlar öyrədir. Kursun məzunları işlədikləri istənilən uşaqla iş zamanı funksional qiymətləndirmə və inkişaf planını istifadə edə və uşaqlara daha keyfiyyətli xidmətlər göstərə biləcəklər.
 

Bakı Dövlət Universiteti ilə imzalanan bu razılaşmaya əsasən, təhsil müəssisəsi tələbələrin qiymətləndirilməsinin təşkili, inzibati dəstək və kursa cəlb olunmanın idarəçiliyini həyata keçirəcək. Kursun proqramı BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsi ilə birgə icra ediləcək. UAFA isə ABŞ-ın Corctaun universitetinin konsultasiyasından yararlanaraq kurrikulumun hazırlanması, peşəkar dəstək və mütəxəssislərin cəlb olunması kimi akademik öhdəliklərə cavabdeh olacaq.
 

Bu strateji əməkdaşlıq eyni zamanda, ictimaiyyətə aşağı büdcəli xidmətlər təklif edəcək və kurs iştirakçıları üçün praktik təlim imkanları yaradacaq inklüziv uşaq inkişaf mərkəzinin yaradılmasını da özündə ehtiva edir.
 

“Bu CHED kursu iştirakçıları və universitet tələbələri üçün praktik bacarıqların inkişafı, eləcə də, əlilliyi olan uşaqların həyatına müsbət təsirlər göstərilməsi baxımından olduqca təqdirəlayiq imkandır.”- deyə UAFA-nın direktoru, xanım Qvendolin Börçel bildirib.
 

Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Şahin Pənahov isə əməkdaşlıqla bağlı bu sözləri vurğulayıb: - Biz bu razılaşmadan məmnunuq və inanırıq ki, proqram iştirakçılar üçün olduqca səmərəli olacaq.
 

Hər dəfə 2 saatlıq məşğələlər şəklində olmaqla həftədə 2 dəfə, 12 həftə davam edən, həmçinin, intensiv onlayn imkanlar təklif edən CHED uşaq inkişafına vahid / holistik yanaşmanı inkişaf etdirən yeni kursdur. Kursun sonunda iştirakçılar Corctaun universitetinin heyəti tərəfindən onlayn qaydada imtahan ediləcək və nəticələrə uyğun sertifikatlaşdırılacaqlar. Bu kurs sağlamlıq, təhsil və sosial sahədə 0-8 yaşlı uşaqlarla işləyən insanlar üçün nəzərdə tutulub.  
 

Proqramın dayanıqlığını təmin etmək məqsədilə UAFA müvafiq yerli və beynəlxalq universitetləri bir çətir altında birləşdirmək üçün yerli və qlobal maliyyə imkanlarının axtarışını davam etdirəcək.


UAFA HAQQINDA: Əsası 1998-ci ildə qoyulan Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı icma əsaslı reabilitasiya, məktəbəqədər təhsil, erkən müdaxilə, sosial iş və əlilliyi olan, həmçinin, olmayan uşaqların ailələrinə dəstəyi nəzərdə tutan digər icma əsaslı xidmətlərin həyata keçirilməsi üzrə ixtisaslaşan qeyri-hökümət təşkilatıdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !