Kərim Kərimli: - AZAD LAÇIN BAYRAMINA GÖRƏ...

Kərim Kərimli: AZAD LAÇIN BAYRAMINA GÖRƏ...

 AZAD LAÇIN BAYRAMINA GÖRƏ...

məntiqlə mən indi gərək bəlkə də yüzlərlə laçınlıya zəng edəm. Ancaq bilirəm ki, bu hazırda fiziki olaraq mümkün deyil. Ona görə də indi ürəyimin damarı olan laçınlı dostlarımın hamısına birlikdə bu şeirlə "zəng edirəm".


Bayramınız mübarək!!!


Yurdu - buludların qoynunda zirvə,
Dağlar diyarının əridi Laçın!
Öpdü ayağından erməni "kirvə",
Könlümün qubarı əridi, Laçın!


Düşmənə kim səni pay eyləmişdi?..
Min illik zəhməti zay eyləmişdi...
Axıdıb qanımı çay eyləmişdi...
"Gəlişin" yaramı sarıdı, Laçın!


İndi tumurcuqsan, gül açacaqsan,
Tar-kamanla gülüb, dil açacaqsan...
Minkənddən min kəndə yol açacaqsan,
Qoynun qalibiyyət yeridi, Laçın!


Sən ölkəmin zərbə vuran qolusan,
Millətimin topdağıtmaz elisən.
Amandı, unutma Qara gölü sən,
O da yad əllərdə çürüdü, Laçın!


Bir daha düşmənin özün öyməsin,
Anan ağlamasın, sinə döyməsin...
Güllə mənə dəysin, sənə dəyməsin, -
Bu sözlər könlümün şeridi, Laçın!


Arxanda Şuşadır, öndə Gorusdur,
Durma, elə bu gün səngərini qur!
Yolunu gözləyir ulu Zəngəzur,
Daha mənzilimiz yarıdı, Laçın!
Şükür! Ellərimiz yarıdı, Laçın!!!


01.12.2020
Saat 02.12
Bakı,
"Qobu-Park" - 1 YK.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !