Bütün yollar bizi Şuşaya, Qarabağa aparır... - -VİDEO

Bütün yollar bizi Şuşaya, Qarabağa aparır... -VİDEO

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”
Bu sözləri noyabr ayının 16-da işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı səsləndirən prezident İlham Əliyev daha sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olaraq, Şuşa şəhərinə çəkilən Əhmədbəyli-Füzuli-Şuşa tarixi yol ilə bağlı göstərişlərini vermişdir.
Təbii ki, sözügedən yolun xüsusi əhəmiyyəti var. Çünki bu yol bizi uzun illərdir ayrı düşdüyümüz Qarabağımıza, Qarabağımızın tacı olan Şuşamıza aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci infrastruktur layihəsidir. Özü də Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra reallaşmasına başlanılan bir layihə.
Məlum olduğu kimi 27 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmiş, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur.
2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına, bizim həsrətimizə son qoyularaq, yeni tarix yazıldı.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayan ölkə başçısı, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla yolun geniş və rahat olması ilə bağlı xüsusi olaraq tapşırıq vermişdir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir. Füzuli–Şuşa avtomobil yolu layihəsindən başlayaraq.
Belə ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb. Layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101.5 kilometr, eni isə 37.7 m təşkil edəcək. Yolun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.
Ulu öndərin Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü Şuşamıza aparır. Şanlı bayrağımızın qürurla dalğalandığı Şuşaya! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !