Ağdam rayonu haqqında bölmə Vikipediyada Özbək dilində təqdim edildi. -FOTO=5

Ağdam rayonu haqqında bölmə Vikipediyada Özbək dilində təqdim edildi. -FOTO=5

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Ermənistan işğalından azad olunan Ağdam rayonu haqqında Özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə 27 il Ermənistan işğalı altında qalan və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından olan Ağdamın tarixinə, onun adının toponiminə nəzər salınır, qeyd olunur ki, XVIII əsrin birinci yarısında Azərbaycanın Qarabağ xanı - Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib və sonralar günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - "Ağdam" adlanıb.
Vurğulanır ki, əslində Ağdamın tarixi çox qədim dövrlərə təsadüf edir, rayon ərazisi qədim yaşayış məskənlərindən biridir və burada “Leylatəpə” və “Üzərliktəpə” adlanan ərazidə arxeoloji qazıntılar nəticəsində qədim dövrə gedib çıxan Eneolit və Orta Tunc dövrünə aid yaşayış məskənləri tapılıb.
Bölmədə erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəblərinin yerləşdiyi qeyd olunur.
Yaradılmış bölmədə Ağdam rayonu ərazisində rayon məscidi və Şahbulaq qalası istisna olmaqla digər abidələrin, hətta bütün tikililərin, evlərin işğaldan sonra Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığı, məhv edildiyi vurğulanır. Bir çox xarici jurnalistlərin Ağdam şəhərini gördükdən sonra onu "Qafqazın Xirosiması", yaxud "Ruhlar şəhəri" adlandırdığı, əslində isə Ermənistan işğalından öncə Ağdamın Qafqazın ən inkişaf etmiş və gözəl şəhərlərindən biri olduğu məlumatlarda öz əksini tapır.
Bölmədə 23 noyabr tarixində ilk dəfə olaraq Ermənistan işğalından azad edilən Ağdam rayonuna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etməsi, rayon ərazisindəki yeganə dağıdılmamış tikili, tarixi abidə Ağdam məscidini ziyarət etmələri və Azərbaycan bayrağı qaldırılması xəbəri də öz əksini tapıb.
Ağdamın tarixi, əhalisi, iqtisadiyyatı, təhsil ocaqları, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri, milli qəhrəmanları haqqında məlumatların yer aldığı bölmədə dünən Ermənistan işğalından azad olunan tarixi qala – Şahbulaq qalası haqqında da məlumatlar yer alır. Şahbulaq qalasının Azərbaycanın Qarabağ xanıPənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirildiyi, onun adının burada yerləşən gursulubulaqın adından götürüldüyü və bu qəsrin xanın iqamətgahı olduğu yazılır. Qeyd olunur ki, Ermənistan ordusu tərəfindən bu ərazilərin zəbt olunması zamanı qalanın dağıdılmamasının əsas səbəbinin onun guya “erməni irsinə aid olması” və tarixinin saxtalaşdırılmasıdır.
Məlumatlar arasında rayonu Azərbaycan çempionatında təmsil edən peşəkar futbol klubu, dünya şöhrətli "Qarabağ" komandası haqqında faktlar öz əksini tapıb. 1993-ci ilin 23 iyul tarixinə gədər futbol klubunun ev oyunlarını Ağdam şəhərindəki “İmarət” Stadionunda keçirdiyi və sonradan erməni işğalı ilə əlaqədar bir müddət Quzanlı qəsəbəsi, daha sonra isə paytaxt Bakı şəhərindəki stadionlarda keçirildiyi yazılır. Qarabağ futbol komandasının tarixində 7 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuş, ilk dəfə Qarabağ 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. 2017-2018-ci il mövsümündə isə “Qarabağ”ın Çempionlar Liqasında daha fəal çıxış etdiyi, qrup mərhələsinə yüksəldiyi qeyd olunur. Qrup mərhələsində Çelsi, Atletiko Madrid və Roma kimi Avropa nəhəngləri ilə qarşılaşan komanda Çempionlar liqasının qrup mərhələsində xal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdüyü qeyd olunur.
Azərbaycanda “Qarabağ” futbol klubuna böyük sevgi və hörmətin olduğu məlumatlarda öz əksini tapır, vurğulanır ki, komanda sadəcə peşəkar futbol klubu deyil, o, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzi, hər bir ağdamlının, qarabağlının, Azərbaycanlının qürurun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. İşğaldan yenicə azad olunan Ağdamın gələcəkdə bərpasından sonra “Qarabağ” futbol klubunun yenidən öz ev matçlarını tarixi şəhəri olan Ağdamda öz stadionunda keçirəcəyi yazılır.
Özbək dilində “Agʻdamtumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr verilmişdir ki, burada rayonun hazırkı vəziyyəti öz əksini tapmışdır.
Özbək dilində yaradılmış Ağdam rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Ag%CA%BBdam_tumanilinkində tanış olmaq mümkündür.  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]