Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon dollar qrant aldı -

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon dollar qrant aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) baş ofisinin və Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxslərinin iştirakı ilə onlayn görüş keçirib. Məqsəd İnnovasiyalar Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin gələcək icrası üçün “İclas protokolu”nun müəyyənləşdirilməsidir. Tədbirdə yerli və koreyalı ekspertlər də iştirak ediblər.

 
İnnovasiya üzrə baş planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi planlaşdırılır. Layihənin icrası üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

 
Sözügedən layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda, Azərbaycanda dayanıqlı innovasiya sisteminin inkişafına töhfə verəcək. “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi qeyri-neft sektoruna aid fəaliyyət sahələrini dəstəkləyir. Qurum daha güclü və dayanıqlı iqtisadi fəaliyyətə xidmət etmək məqsədilə həm şəxsi biznes, həm də dövlət strukturları səviyyəsində innovasiyaların tətbiqinə yönələn layihələrin reallaşdırılmasını planlaşdırır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !