QƏLƏBƏ QAZANDI QARTAL OYLAĞI - Arif Fərzəli yazır

QƏLƏBƏ QAZANDI QARTAL OYLAĞI Arif Fərzəli yazır

İxtisasca kimya müəllimi olan Arif qiyabi yolla Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib, “Toxuma həsrət torpaq", "Sizin dünya", “Yağışa düşən qərib", “Tarix kitabı” şeir toplularının müəllifidir. Görkəmli tənqidçimiz filologiya elmləri doktoru Vaqif Yusiflinin təbirincə desək, ömrünü-gününü doğulduğu Masallı rayonunun Xırmandalı kəndində keçirsə də, "şair üçün əyalətdə, ya paytaxtda yaşamağın elə bir əhəmiyyəti yoxdur, təki istedad olsun" fikrini təsdiq edən şairlərdən biridir. Bu günlərdə ağ xalatlı, üzü nurlu, cəfakeş həkimlərimiz "Dünya yaşamalı dünyadı, öpüb oxşamalı dünyadı” deyən qələm dostumuzu gözəgörünməz düşümənin – koronavirusun amansız pəncəsindən xilas ediblər. Arif də sağlamlığına qovuşandan sonra azad Şuşamıza və şəhid əsgərlərimizə həsr elədiyi yeni şeirlərini bizə göndərib. Biz də həmin şeirləri saytimızın daimi izləyicilərinə təqdim edirik.
Nurəddin Ədiloğlu,
yazıçı- publisist 
PAYIZ ÇİÇƏKLƏRİ

Titrətdi dünyanın hər tərəfini
Bu müjdə:işğaldan qurtardı Şuşa,
Adını,odunu,şan-şərəfini-
Özünü -özünə qaytardı Şuşa.

Nərlər - ərənlər tək qalxıb yerindən,
Qayası dikəldi,daşı dikəldi.
Qurtuldu tənədən,yad sərkilərdən,
Şəhərlər yanında başı dikəldi.

Bu payız qəlbindən Şuşa keçənin
Xəyalı-arzusu gerçəkləyibdi.
Bu payız Şuşada evin,küçənin
Sağ-solubiranda çiçəkləyibdi.

Qələbə qazandı qartal oylağı,
Daha sinəsinə dağlar çəkilməz.
Daha bu yerlərdə hər bahar çağı,
Bitən bənövşənin boynu bükülməz.

"Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!"
Doğma səmalarla ülfət bağlayın,
Bizi haraylayır Şuşa,durnalar!

ŞƏHİDLƏR ÖLMƏZ Kİ…

Elə ölümə də əyməz özünü,
Cismini tapşırıb ana torpağa.
Şəhidlər təzədən açar gözünü,
Şəhidlər təzədən qalxar ayağa.

Yenə alov saçar od baxışları,
Təpəri yerində,gücü yerində.
Yenə səngər-səngər zəfərə sarı,
Vətəni aparar çiyinlərində.

Yağan yağışlara,əsən küləyə,
Axan ulduzlara bənzər şəhidlər.
Dönər ildırıma,dönər şimşəyə,
Düşməni doğrayar,kəsər şəhidlər.

Gecələr qızarar Dan yeri kimi,
Gündüzlər nur damar şəfəqlərindən.
Beləcə bir Vətən əsgəri kimi,
Boylanar tarixin üfüqlərindən.
Arif Fərzəli
Masallı rayonu, Xırmandalı kəndi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !