Süfrə jurnalının 5-ci sayı işıq üzü görüb - - VİDEO

“Süfrə” jurnalının 5-ci sayı işıq üzü görüb - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirləri davam etdirir.


Cəmiyyətimizin bugünkü inkişaf səviyyəsi qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri də qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.
 

Qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı aktual və ətraflı məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının növbəti 5-ci sayı çapdan çıxıb.
Nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə  həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.


“Süfrə” jurnalının bu sayında da qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan məqalələr, qida zəncirinin bütün mərhələlərində vacib məqamlarla bağlı maarifləndirici məlumatlar yer alıb. Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib. Belə ki, “Obyektiv” rubrikasının qonağı olan Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycan milli mətbəxinin tarixi irs kimi dünyada tanıdılması, qorunması baxımından həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Müsahibədə həmsöhbətimizin sağlam və düzgün qida mədəniyyəti barədə, eləcə də modernləşmə meyllərinin mətbəximizə təsiri, milli mətbəximizin itirilmiş ənənələrinin bərpası ilə bağlı maraqlı fikirlərini oxuya bilərsiniz.


“Həkim sözü” rubrikasında isə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri, pediatr-neonatoloq Səbinə Babazadənin məktəblilər arasında sağlam qidalanma vərdişlərini aşılamaqla bağlı tövsiyələri yer alıb. Müsahibədə azyaşlı və məktəbli uşaqların qidalanmasında yol verilən səhvlər, bunun orqanizmə fəsadları barədə ətraflı məlumatlar əksini tapıb.


Jurnalın “Bələdçi” rubrikasında qida sənayesindəki yeniliklər, maraqlı kəşflər barədə məlumat verilib, həmçinin kartof çipsilərinin yaranma tarixi, Azərbaycanda yeni limon sortu, çayın yararlılıq müddəti  barədə tövsiyələr təqdim olunub.
 

“Qida akademiyası” rubrikasında “Notch” siqnal sisteminin obezliyin formalaşmasında rolu”, “Pomidor və likopen”, “Düzgün səhər yeməyi necə olmalıdır?”, “Dondurmanın fayda və zərərləri” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.


“Süfrə”nin bu sayındakı “Milli qida” rubrikasında əncirin qidalılıq dəyəri və möcüzəvi faydaları ilə yanaşı, becərilməsi barədə dolğun məlumat oxuyacaqsınız. “Dərviş Parisi partladır” kinosundan maraqlı süfrə səhnələr isə “Kinomenyu” rubrikasında təqdim edilib.


Dünyada elə fermalar var ki, fərqliliyi ilə ad qazanıb. Niderlanddakı üzən ferma, Avstraliyadakı ilanlar və timsahlar ferması, ekzotik mətbəxlərdə qida məqsədilə istifadə edilmək üçün tarakan yetişdirilən ABŞ-ın Corciya ştatındakı ferma çoxsaylı turistlərin də diqqətini çəkir. “Bizdə yoxdur” rubrikasında dünyanın həm məşhur, həm də qeyri-adi belə fermaları barədə məlumatları oxuya bilərsiniz.
“Sağlamlıq məktəbi” rubrikasında dərc olunmuş məqalədə uşaq orqanizminin inkişafında suyun faydaları barədə dolğun məlumat yer alıb. Həmçinin “Fərqli qida” rubrikasından adi qarpızdan həm şirinliyinə, həm də ekzotik dadına görə fərqlənən sarı qarpızın faydası barədə məlumatlanacaqsınız. “Faydalı” rubrikasında isə kulinariya və tibbdə geniş istifadə olunan razyananın möcüzəvi xüsusiyyətləri barədə oxuya bilərsiniz.
 

“Lifehack” rubrikasında “10 dadlı məsləhət”dən, “Texno” rubrikasında isə maraqlı istirahət tətbiqlərindən faydalana bilərsiniz. “Tarixdən” rubrikasında Azərbaycan xalqının qədim çörək növü olan lavaş barədə maraqlı məlumatlar yer alıb. Məqalədə bəzi bölgələrdə yuxa, yayma, fətir və nazik çörək də adlanan süfrələrimizin bu əziz nemətinin bişirilmə ənənəsindən geniş bəhs edilir.
 

Qeyd edək ki, “Süfrə” jurnalına abunə yazılmaq üçün (012) 565-12-72 (daxili nömrə - 015) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !