Rüstəm Orucov AÇ-2020-nin favoritləri sırasında - (AZpressAZ İntiqam Məmmədov)

Rüstəm Orucov AÇ-2020-nin favoritləri sırasında (AZpressAZ İntiqam Məmmədov)

19-21 noyabr günlərində Çexiyanın paytaxtı Praqada kişi və qadın cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Üç gün davam edəcək çempionatsda Azərbaycan cüdoçuları da iştirak edəcəklər. Ölkəmizi kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsayev (hər ikisi 100 kq) və ən ağırımız olan Uşanqi Kokuari (+100 kq) doqquzluğu, zəriflərin yarışında isə Leyla Əliyeva, Ayşən Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) yer alıb. Xatırladaq ki, az öncə yığmanın məşqçiləri heyətə Kəramət Hüseynovla (60 kq) Hidayət Heydərovu (81 kq) da daxil etmişdilər. Ancaq son anda hər iki tatami ustası heyətdən çıxarılıb. Yeri gəlmişkən, bu arada Avropa Cüdo İtifaqı (EJU) özünün rəsmi saytında çempionatın favoritləri haqda maraqlı məlumat yayıb. Həmin məlumatda Azərbaycan yığmasının üzvü, dünya reytinq cədvəlində öz çəkisinin lideri olan Rüstəm Orucov EJU tərəfindən favorit kimi dəyərləndirilib.
"73 kq-da Azərbaycan yığmasının üzvü Rüstəm Orucov çempionata favorit kimi qatılacaq. Bu çəkidə müxtəlif vaxtlarda Olimpiya çempionu olmuş cüdoçular - gürcü Laşa Şavtaduaşvili, italiyalı Fabio Basile və isveçli Tommi Matias da güləşəcək" - xəbərdə belə deyilir.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !