Bayrağın mübarək, vətən - -Vahid Aslan

Bayrağın mübarək, vətən -Vahid Aslan

Bayrağın mübarək, vətən

Çıxmısan bir şanlı yola,
Zəfər səninlə qol-qola.
Mayası həqiqət olan
Sınağın mübarək, vətən!

Əmr verilib: - İrəli!
Çiynindədi Türkün əli!
Hər gün qələbə müjdəli
Sorağın mübarək, vətən!

Təqvimin qızarır, yanır.
Qara günlər qaralanır.
Qələbələr sıralanır,
Varağın mübarək, vətən!

Oğulların coşan dəniz,
Eşqi ümman, qəlbi təmiz!
Hər qarışı candan əziz
Torpağın mübarək, vətən!

Göylər kimi yırğalanan,
Ulduz-ulduz sıralanan,
Qarabağda dalğalanan
Bayrağın mübarək, vətən!
26.10.20


Azərbaycan Ordusu

Ana torpağı hər an,
Qorumağa hazırsan!
Şanlı tarix yazırsan!
Azərbaycan Ordusu!

Soyun-kökün uludu,
Həqiqətin quludu.
Səninki haqq yoludu,
Azərbaycan Ordusu!

Kükrədin, coşdun, əsdin,..
Qarabağa tələsdin!
Şərin başını əzdin,
Azərbaycan Ordusu!

Dalğalanan işıqsan,
Ay-ulduz qarışıqsan.
Bayrağa yaraşıqsan,
Azərbaycan Ordusu!

Yurdunda bahar olsun!
Bağça olsun, bar olsun!
Qalib adın var olsun!
Azərbaycan Ordusu!
25.10.20

Azərbaycan əsgəri

Sən bu gün hünərinlə,
Şanlı tarix yazırsan!
Mayası haqqdan gələn
Qələbəyə hazırsan
Azərbaycan əsgəri!

Bir zərbənlə yox olur,
Qüdrətinə daş atan!
Sənsən Ulu Türk oğlu,
Sənsən yurdu yaşadan
Azərbaycan əsgəri!

Düşmənlər hiyləgərdi,
Sənsə mərdəsən, igidsən!
Səni cəsur böyüdən
Ata-anaya əhsən
Azərbaycan əsgəri!

Can əzizdi, vətəni
Canından çox sevirsən!
Vətənə qanından qan
Canından can verirsən
Azərbaycan əsgəri!

Yolunu gözləyirdi
İnildəyən torpağın,
Azad olan yerlərə
Sancıldıqca bayrağın,
Sevinir ana torpaq,
Üzü gülür ellərin!
Qalib adın var olsun!
Tanrı səni qorusun!
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
22.10.20
And
(Şəhid general Polad Həşimova ithaf)
Ana!
Vətən deyib çıxıram yola,
Yaralı torpaqlar məni gözləyir.
Qazi tək qayıtsam, qurban hazırla!
Şəhid tək qayıtsam, məğrur qarşıla!
Ömür yoldaşım da, qızım, oğlum da
Başını dik tutub, baxsın arxamca!
Bir şirin canım var, ömür yolunda
Onu da vətənə borcluyam ancaq.
Vətənə qurbandı doğulan ərlər!
Onunçün vətənə ana deyirlər!
14.07.20

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !