16-17 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək -

16-17 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək

Noyabr 16-da Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyi, noyabrın 17-də isə görkəmli alim, üç cildik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibəti ilə Azərbaycan Milli Xalça Muzeyi silsilə tədbirlər təqdim edəcək. COVID-19 pandemiyası səbəbindən yaranmış vəziyyəti nəzərə alaraq, tədbirlər onlayn formatda olacaq.
Noyabrın 16-da muzeyin sosial şəbəkələrində tanınmış fotorəssam, bir çox nüfuzlu foto müsabiqələrin qalibi Əqdəs Bağırzadənin muzeydə çəkdiyi fotoşəkillər əsasında hazırlanmış video-çarx təqdim ediləcək. Bu video-çarxda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar dahi bəstəkarlarımız Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun əsərləri ilə müşayiət olunur.
Həmin gün muzeyin direktoru Şirin Məlikovanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatı keçiriləcək. Təqdimatda layihə çərçivəsində bu il Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın təbii yunun öz rəngindən istifadə edərək toxunan replikaları sərgilənəcək. Xalçaların toxunmasında Mazex (Naxçıvan), Şirvan (Şamaxı), Qaradolaq (Ağcabədi), Bozax (Gəncə-Qazax) qoyun cinslərinin yunundan istifadə edilib. Sərgidə xalçaların toxunuşunda istifadə edilən yun nümunələri, onlardan əyrilən iplərlə də tanış olacaqsınız.
Qeyd edək ki, bu layihə Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının 7.1.2. (Ənənəvi çeşnilər əsasında və bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği) bəndinin icrası ilə bağlı həyata keçirtdiyi tədbirlərdən biridir.
Bununla yanaşı, gün ərzində Azərbaycan Milli Xalça Muzeyinin YUNESKO ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr haqqında məlumatları da sizinlə bölüşəcəyik.
Noyabrın 17-də isə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Tanınmış simalarla virtual tur” layihəsinin ikinci hissəsi təqdim olunacaq. Qeyd edək ki, layihə çərçivəsində bu dəfə muzey ekspozisiyasının II mərtəbəsində nümayiş olunan xovlu xalçalar, milli geyim, tikmə, bədii metal nümunələri və “Qarabağ otağı” ilə tanış ola bilərsiniz. Muzeyimizə virtual turda bələdçiləriniz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova, İctimai televiziyanın “Səhər proqramları” departamentinin direktoru Könül Arifqızı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyovdur. Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur. Virtual turun ssenari müəllifi Azərbycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Azərbaycan Milli Xalça Muzeyinin banisi, Xalq rəssamı Lətif Kərimovun ad günündə yeni xalçanın dəzgahdan kəsim mərasimi bayram günlərinə xüsusi ab-hava qatacaq. Qocaman toxucu Nazilə xanımın toxuduğu xalçanın çeşnisi çox maraqlıdır. Burada Azərbaycan Milli Xalça Muzeyinin həyatında baş verən ən əhəmiyyətli hadisələr öz əksini tapıb. Xalça kəsimi ilə yanaşı, həmçinin təbii boyaqlarla iplərin rənglənməsi prosesi də təqdim olunacaq.
Məlum olduğu kimi Azərbaycan Milli Xalça Muzeyində Lətif Kərimovun şəxsi arxiv sənədləri də qorunur. Onların arasında xarici mütəxəssislərlə yazışmalar da xüsusi dəyərə malikdir. Həftə ərzində azərbaycanlı və xarici xalça mütəxəssislərinin Lətif Kərimovla bağlı xatirələri, onun dünya xalça sənətindəki rolu ilə bağlı fikirləri də paylaşılacaq.
Eyni zamanda, sosial şəbəkədəki izləyicilərimizə həftə ərzində muzeyin “səhnəarxası” işi ilə də tanış olmaq imkanı yaradılacaq. Belə ki, tarixi nümunələrin müasir dövrdə qorunması, nümayiş olunması və gələcək nəsillərə çatdırılması, fond, saxlanc otaqları, bərpa, muzey eksponatları əsasında yeni nümunələrin toxunması, hətta Şuşa filialına eksponatların köçürülməsi ilə bağlı hazırlıq işləri canlı nümayiş etdiriləcək. Muzeyin toxucuları isə öz növbəsində xalçatoxumanın sirlərini bölüşəcəklər.
Hər zaman olduğu kimi Azərbaycan Milli Xalça Muzeyi azyaşlı izləyicilərimizi də diqqətdən kənarda qoymayacaq. Bayram həftəsində maraqlı ustad dərsləri, nağıl saatı və s. ilə onları sevindirəcək.
Qeyd edək ki, siz Azərbaycan Milli Xalça Muzeyinin cəmiyyətin bütün təbəqələrini nəzərə alaraq hazırladığı layihə və təqdimatları sosial şəbəkələrdəki səhifələrimizdən izləyə bilərsiniz:
Facebook https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi/
Instagram https://www. https://www.instagram.com/carpetmuseumbaku/
Youtube https://www.youtube.com/channel/UCrvwI99gEY9mHVmxsODVbGw/videos
twitter https://twitter.com/AzCarpetMuseum?s=08
https://www.facebook.com/Azərbaycan-Milli-Xalça-Muzeyi-Uşaq-Muzeyi-Şöbəsi-1537374929874624/

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111