- Daha sərt karantin rejiminə keçid...

Daha sərt karantin rejiminə keçid...

 COVID-19 sadəcə ölkəmiz deyil, dünya üçün də böyük təhlükə olaraq qalır. Bəşəriyyətin 2020-ci ildə qarşılaşdığı ən böyük bəlalardan biridir. Dünya Səhiyyə Təşkilatı və səhiyyə ekspertləri ilin əvvəlindən infeksiya ilə bağlı bir çox sualları öyrənsə də, bu gün cavabsız qalan suallar çoxdur.

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Həkim bildirib ki, yeni növ koronavirus infeksiyası üst tənəffüs və hava-damcı yolu ilə ötürülən xəstəlik olduğu üçün payız və qış aylarında yoluxma sayının artması gözlənilirdi:

“Qısa müddət ərzində, yayla müqayisədə yoluxma sürətinin bu qədər yüksək olması insanlarda bəzən haqlı olaraq şübhələr yaradır. Müharibə şəraitində olduğumuz üçün insanlar bəzən elə düşünür ki, bu rəqəmlər ehtiyat tədbirlərinə əlavə olaraq şişirdilir. Bütün məsuliyyəti hiss edərək bir səhiyyə eksperti, hadisələrin içində olan insan, eləcə də millət vəkili kimi deyə bilərəm ki, bu şəkildə düşüncələrə yol vermək qətiyyən olmaz. Bu, bizim üçün böyük problemlərə yol aça bilər. Onu da unutmamalıyıq ki, xeyli sayda asimptomatik və həkimə müraciət etməyən xəstə var. Əslində, dünyada koronavirus yarandığı vaxtdan indiyədək müqayisə etsək, görərik ki, bu rəqəmlərlə birlikdə ayrı-ayrı dövlətlərdə gündəlik yoluxma sayı ən pik həddədir.

Vətən müharibəsinin diktə etdiyi reallıqlarla birlikdə belə bir epidemioloji problemin olması səhiyyə xidmətini ciddi çətinliklərlə üz-üzə qoya bilər. COVID-19-un nəzartədən çıxan rəqəmlərinin bizə verəcəyi zərər ilk növbədə ordumuza təsir göstərəcək. Hökumətimizi, Operativ Qərargahı və ona bağlı olan qurumları, eləcə də səhiyyə sisteminin enerjisini əsgərimizdən və haqlı davamızdan yayındıraraq koronavirusla mübarizəyə sərf edə bilmərik. Əgər əvvəllər öz yaxınlarımız üçün ehtiyatlı olmaq lazım idisə, indiki halda virusa sırf əsgərlərimizə görə yox deməliyik. Müharibə şəraitində yaşayan bir cəmiyyət olaraq yoluxma sayının artmasının qarşısını almaq üçün karantin davranış qaydalarına hamılıqla əməl etməliyik. Belə bir vaxtda koronavirusa yoluxma və sağalma halları arasında fərqin yüksəlməsi ciddi narahatlıq doğurur. Əmin olun ki, rəqəmlər 20 gün bu sürətlə artmağa davam edərsə, nəinki yüksək keyfiyyətli tibbi xidmət almaq, xəstənin adi oksigenlə təmin olunması mümkün olmaya bilər. Bunu insanları qorxutmaq və təlaş yaratmaq üçün demirəm. Azərbaycanda hər bir vətəndaş məntiqli analiz apararaq fərqində olmalıdır ki, yay aylarında davamlı olaraq 500-600 xəstə sayının olması belə tibbin son imkanlarını bu istiqamətdə səfərbər etməsinə səbəb olmuşdu. Xəstəxanada yatmaq üçün növbədə gözləyənlər olurdu. Odur ki, yoluxma sayının 1000-i keçməsi daha mənfi fəsadlar verə bilər”.

Rəşad Mahmudov qeyd edib ki, karantin rejiminin hələ sərtləşdirilməməsi problemin həllini tapdığını göstərmir:

“Məlumat üçün bildirim ki, Avropa ölkələrinin bir çoxunda artıq karantin qaydaları sərtləşdirilib, hətta may ayına qədər ciddi hesablamalar aparılıb. Bu gün peyvənd və ya hər hansı antiviral dərmanın müalicədə hansısa uğurları olsa da, reallıq göstərir ki, cəmiyyətin bu hadisəyə qarşı rahat davranmaq imkanı yoxdur.

Azərbaycan dövləti, aidiyyəyi qurumlar və Operativ Qərargah vəziyyət kritik hal alarsa, əlbəttə ki, daha sərt karantin rejiminə getmək məcburiyyətində qalacaq. Bu, COVID-19 üçün ayrılmış yataqlarımız tükəndiyi zaman baş verəcək. Yoluxma rəqəmləri yüksəlməyə davam etdiyi müddətdə dünya ölkələrinin, o cümlədən Azərbaycanın sərtləşdirilmiş karantin rejimindən qaçış yolu yoxdur. Koronavirusa yoluxmada artım müşahidə olunarsa, daha sərt karantin rejiminə keçid qaçılmaz olacaq”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !