Cavadxan Qasımov - - TARİXİ QAYIDIŞDAN BÖYÜK QƏLƏBƏYƏ: XİLASKARLIĞIN İKİNCİ MƏRHƏLƏSİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZ TƏMİN OLUNUR

Cavadxan Qasımov - TARİXİ QAYIDIŞDAN BÖYÜK QƏLƏBƏYƏ: XİLASKARLIĞIN İKİNCİ MƏRHƏLƏSİNDƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZ TƏMİN OLUNUR

Azərbaycan Respublikası iqtisadi gücü, sosial dayanıqlığı və artan nüfuzu ilə öz ərazi bütövlüyünü təmin etməkdədir. Ölkəmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun qüdrəti və xalqımızın qədirbilənliyi ilə 30 ilə yaxın həsrətində olduğumuz Dağlıq Qarabağın və ətraf yeddi rayonun erməni işğalından azad olunması istiqamətində haqlı mübarizə yüksək əzmkarlıq, mərdlik və qəhrəmanlıqla davam etməkdədir. Tarixən torpaqlarımıza qarşı təcavüzkarlıq niyyətləri ilə çıxış edən mənfur ermənilər təəssüflər olsun ki, zaman-zaman bu çirkin məqsədlərini reallaşdıra bilmiş, ərazi bütövlüyümüzə ciddi təhdid olmuşlar. Ötən əsrin sonlarına doğru ölkəmizin bir tərəfdən müstəqillik uğrunda haqlı mübarizəsinin başlandığı, digər tərəfdən isə iqtisadi formasiyaların bir-birini əvəz etdiyi dövrdə cərəyan edən siyasi böhranlardan və bununla da, hər iki sahə üzrə mövcud olan boşluqlardan istifadə edən erməni separatçıları torpaqlarımıza qarşı təcavüzə başladı. Və ərazimizin 20 faizini işğal etməklə, bir milyon iki yüz min vətəndaşımızın öz torpaqlarımızda qaçqın vəziyyətinə düşməsinə səbəb olmuş, iqtisadiyyatımıza böyük ziyan dəymişdir.
1994-cü ilin may ayından bərqərar olunan atəşkəs rejiminin müxtəlif vaxtlarda pozulması fonunda öz iyrəncliklərinə davam edən ermənilər dünya ölkələrinin və beynəlxalq təşkilatların gözü qarşısında torpaqlarımıza qarşı yeni təxribat əməllərindən əl çəkməmişlər. Hər dəfə atəşkəsin pozulmasında və digər təxribatların törədilməsində qüdrətlənən ordumuzun qətiyyətli cavabı və artan gücü ilə rastlaşmaqla, itki verərək geri çəkilmiş və sarsıdıcı zərbələr almışdır. Ancaq yenə də özlərinin xəyanətkar və vəhşi əməllərindən geri qalmamışlar. Fikrimizi əsaslandırmaq üçün 2016-cı ilin aprel döyüşlərində Silahlı Qüvvələrimizin 2000 hektar ərazini azad etməsini və düşmənin itki verərək geri çəkildiyini göstərə bilərik.
Qeyd etmək olar ki, hələ BMT Təhlükəsizlik Şurası tərəfindən 30 aprel 1993-cü il tarixdə 822, 29 iyul 1993-cü il tarixdə 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixdə isə 884 saylı qətnamələri qəbul etmiş və orada erməni təcavüzkarlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Ancaq buna baxmayaraq Ermənistan dövləti beynəlxlaq norma və prinsiplərə zidd hərəkət edərək, Azərbaycan torpaqlarını işğal altında saxlamış və artıq 30 ilə yaxın müddətdə bu, davam etmişdir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum olan Minsk Qrupunun da səyləri heç bir nəticə verməmişdir.
Ölkə başçımız cənab İlham Əliyev özünün twitter səhifəsində bu haqda demişdir: Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.
Nəinki, tarixi ərazilərimizin azad olunması, hətta havadarlarının dəstəyi və yeni ərazilərin işğalı kimi çirkin məqsədlərini həyata keçirmək istəyən erməni dövləti terrorlara da əl atmaqla öz alçaq mövqelərini ortaya qoymuşlar. 12 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin bölmələri yenə də təxribat törətmiş və atəşkəs rejimini kobud şəkildə pozmuşlar. Nəticədə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşlar. Təbii ki, Azərbaycan dövlətinin qüdrətlənməsi, etibarlı və dayanıqlı milli iqtisadiyyat üzrə güclü perspektivlərə malik olması, beynəlxalq iqtisadiyyata sürətli inteqrasiya yolu keçməsi, dünya enerji və neft layihələrinə verdiyi töhfələr və bu sahələrdəki xəritələrə yeni istiqamətlər verəcək potensialın formalaşması və digər üstünlüklər erməni dövlətinin və onlara dəstək verən tərəflərin ürəyincə deyildi. Buna görə də Tovuz rayonu ərazisində ciddi təhdid olacaq təxribata başladılar. Ancaq şanlı və rəşadətli Azərbaycan ordusu bu təxribatın da qarşısını mərdliklə aldı.
Humanizm dəyərlərindən uzaq olan, etibarlılıq, güvənirlilik və sadiqlik prinsiplərinə zidd davranan terrorçu Ermənistan Respublikası təəssüflər olsun ki, 2020-ci il sentyabrın 27-də də növbəti təxribatı ilə atəşkəs regimini pozdu və əsasən mülki şəxsləri hədəfə almaqla özlərinin cinayət əməllərinə davam etdi. Bu hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayaraq, qısa müddətdə Azərbaycan Respublikasının bir neçə şəhərini, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etdilər. Artıq 30 illik həsrətlə gözlədiyimiz Cəbrayıl şəhəri 4 oktyabr tarixində, Xocavənd rayonunun Hadrut qəsəbəsi 9 oktyabr tarixində, Füzuli şəhəri 17 oktyabr tarixində, Zəngilan şəhəri 20 oktyabr tarixində, Qubadlı şəhəri isə 26 oktyabr tarixində erməni tapdağından azad olunmuş və ölkəmizin inkişaf perspektivlərindən yararlanacaqlar. Bunlarla yanaşı, 27 sentyabr tarixində Murovdağı silsiləsindəki Murov zirvəsi, 18 oktyabr tarixində Cəbrayıl rayonunun Xudafərin körpüləri, 21 oktyabr tarixində Zəngilan rayonunun Mincivan qəsəbəsi, 22 oktyabr tarixində həmin rayonun Ağbənd qəsəbəsi və istinad olunan inzibati rayonlar üzrə çoxsaylı kəndlər düşməndən azad olundu.
Ümumiyyətlə, Yuxarı Dağlıq Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları özünün sosial-iqtisadi əhəmiyyətliliyinə görə çox əlverişli perspektivlərə malikdir və işğaldan azad olunduqdan sonra ölkənin milli iqtisadi inkişafına öz böyük töhfələrini verəcəklər. İstər kənd təsərrüfatının inkişafına, istərsə də sənayenin müxtəlif sahələrinin perspektivliliyinə görə strateji mahiyyət kəsb edən bu ərazilər ölkənin uzunmüddətli hədəf və prioritetlərinin reallaşması baxımından da mühüm təsirə malikdir.
Yuxarı Qarabağ İqtisadi rayonu Xankəndi və Şuşa şəhərləri, Ağdam, Şuşa, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl inzibati rayonlarını əhatə edir. Qeyd edək ki, iqtisadi rayon özünün əlverişli təbii şəraitinə və müxtəlif təbii ehtiyatlara malik olmasına görə seçilməkdədir. Burada suvarma, dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün geniş imkanlar vardır ki, bu da əhatəli təsərrüfatçılıq fəaliyyətinə və aqrar sektor üçün səmərəli məşğulluq imkanlarına əsas verməkdədir. Hələ keçmiş İttifaq dövründə xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin qayğı və diqqəti ilə 1976-cı ildə Tərtər çayı üzərində gücü 72 min kvt olan Sərsəng SES və su anbarı tikilmiş, məhsuldarlığın artmasına hesablanan kanallar çəkilmişdir. Müasir makroiqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilən qeyri-neft sektorunun dayanıqlılığı məhz bu amilin də sayəsində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən bəhs olunan potensial iqtisadi rayonda və ona yaxın olan ərazilərdə əkin sahələrinin suvarma suyuna olan təminatına etibarlılıq deməkdir.
Ordumuzun zəfər yürüşləri müasir iqtisadi şəraitin hazırkı mərhələsində ölkəmizə müəyyən olunan uzunmüddətli prioritetlərə təminat verəcəkdir. Bu, təbii ehtiyatların qiymətləndirilməsi və səmərəli istifadə sahəsində daha əlamətdar olacaq. Aydındır ki, Yuxarı Qarabağ iqtisadi rayonunda mühüm təbii sərvətlər olaraq, Mehmana polimetal filiz yatağı, həmçinin bir sıra tikinti materialları və üzlük daş, mərmər, gil, gəc və s. qeyri-filiz yataqları mövcuddur. Təbii ki, burada, porfirit, əhəngdaşı, sement xammalı da ərazinin iqtisadi mahiyyətini daha da artıran amillər kimi çıxış etməkdədir. Ərazidə mövcud olan 187,7 min hektarlıq (iqtisadi rayonun ümumi ərazisinin təqribən 43 faizini təşkil etməkdədir) meşələr, həmçinin Turşsu və Şırlan kimi karbohidrogenli mineral bulaqları iqtisadi rayon üçün həm də turizm əhəmiyyətli perspektivləri daha da artırmaqdadır.
İqtisadi rayonun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolu böyükdür. Bu sahə üzrə aparıcı sahələrin ardıcıllığında üzümçülük, bağçılıq, pambıqçılıq, heyvandarlıq və arıçılıq sahələrini görə bilərik. Bununla yanaşı, ərazidə baramaçılığın inkişafı üçün imkanlar vardır. Mezoiqtisadi əhəmiyyətlilik baxımından iqtisadi rayonun üstünlükləri içərisində sənayenin səmərəliliyini dəyərləndirmək olar. Belə ki, burada sənayenin çoxistiqamətli perspektivlərindən bəhs etmək mümkündür. Həmin potensialda yerli xammalı emal edən yüngül, yeyinti, tikinti materialları sənayesinin aktuallığını saxlayan yerini qeyd etmək olar.
Yuxarı Qarabağ iqtisadi rayonunda yeyinti sənayesinin inkişafında şərabçılıq, meyvə-tərəvəz konservi, unüyütmə, çörəkbişirmə mühüm rola malikdir. Bu, yüngül sənaye üzrə pambıqtəmizləmə, toxuçuluq, ipək, xalçaçılıq, ayaqqabı istehsalı ilə ifadə olunmaqdadır.
Müdrik Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi və edəcəyi torpaqlar içərisində Kəlbəcək-Laçın iqtisadi rayonuna aid olan ərazilərimiz də böyük və strateji əhəmiyyət kəsb edir. Ərazisi əsasən dağlıq və yay otlaqları üçün əlverişli olan bu iqtisadi rayona Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları daxil olmaqdadır. Bu iqtisadi rayonda da qeyri-neft sektorunun inkişafı sahəsində davamlı perspektivlər baxımından əlverişlilik mövcuddur. Təbii sərvətlərin əsasən qızıl, civə, xromit (Kəlbəcər), mərmər, üzlük tikinti daşları, perlit, mineral sular (İstisu, Minkənd) və s-dən ibarət olmasını qeyd etmək olar. Bütün bunlarla yanaşı, iqtisadi rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün geniş imkanlar vardır. Burada qoyunçuluğun, arıçılığın, meyvəçiliyin, taxılçılığın, tütünçülüyün və tərəvəzçiliyin inkişafı məhsuldar göstəricilərlə müşayiət olunacaqdır. İqtisadi rayonda eyni zamanda, ASK inteqrasiyası şəklində yeyinti sənayesinin inkişafı üçün ət-süd məhsullarının, çörəkbişirmənin, yüngül sənayesinin inkişafı üçün isə tikiş göstəricilərinin, toxuculuq və xalçaçılığın mühüm əhəmiyyətini qeyd etmək olar.
Hər iki iqtisadi rayon Azərbaycan dövlətinin düşünülmüş, məqsədyönlü və yeni prioritetlərə hesablanan tədbirləri çərçivəsində olduqca əlverişli olacaqdır. Araşdırmalar göstərir ki, keçmiş İttifaq dövründə respublikanın ümumi sənaye məhsulunun 2,4 faizini, kənd təsərrüfatı məhsullarının isə 5 faizini Yuxarı Qarabağ İqtisadi rayonu təşkil etməkdə idi. Bu göstəricilər müvafiq olaraq birincilər üzrə 0,4 faiz, ikincilər üzrə isə 3 faiz təşkil etməklə, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə xarakterik olmuşdur. Təbii ki, yeni mərhələdə həmin göstəricilər artıq milli iqtisadi quruculuq proseslərinin hərəkətverici qüvvəsi olaraq zəruri olacaqdır.
Müasir müstəqillik illərində mənfur erməni terrorçularının işğalçılıq siyasətinin nəticəsində hər iki iqtisadi rayon ölkəmizin qətiyyətli sosial-iqtisadi inkişaf tədbirlərindən məhrum olmuş, heç bir iqtisadi islahatları, sosial proqramı və gələcəyə yönəlmiş məqsədləri olmayan Ermənistanın iflasa uğrayan iqtisadiyyatı fonunda ağrılı-acılı 27 həsrətli il yaşamışdır. Daşnaqlar işğal dövründə nə qədər istəsələr də, çalışsalar da, qüdrətli və uzunəsrlik Azərbaycan tarixinin, milli varlığının və mövcudluğunun dərin izlərini silə bilməmişlər və bilməzlər. Çünki, bu dəyərlərin hər biri Azərbaycançılıq qürurunu böyük məharətlə yaşatmış, onları bütün dünyaya bəyan etmişlər. Qeyd edək ki, son 16 ildən artıq dövrdə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında işğaldan azad olunacaq ərazilərimizi əhatə etməklə də həyata keçiriləcək tədbirlər özünün genişmiqyaslılığı ilə təşəkkül tapmışdır. Eyni zamanda, burada:
- sosiallaşma proseslərinin güclü əsaslarının təşkilinə;
- sənayeləşmə siyasətinin etibarlılığına;
- infrastruktur quruculuğunun çoxşaxəliliyinə;
- kommunal təminat sahəsindəki sistemliliyin təşəkkülünə;
- iqtisadi ehtiyatların səmərəli istifadə olunmasının zəruri məsələlərinə aid tədbirlər diqqəti daha çox çəkməkdədir.
Çox sevindiricidir ki, artıq keçən hər bir gün qəhrəman ordumuzun şücaəti sayəsində yeni-yeni zəfər müjdələri eşidirik və bu qürurverici xəbərləri Ali Baş Komandanımız şəxsən xalqımıza, hər bir Azərbaycan vətəndaşına çatdırır. Dövlət başçımızın hər bir müsahibəsi, hər bir çıxışı diplomatiya və dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrlar üçün stolüstü kitabdır, əyani vəsaitdir. Onun xalqmıza müraciətlərində hər birimiz üçün ruh yüksəkliyi, qürur, iftixar, onur və sevinc payı vardır. Şükürlər olsun ki, artıq işğal olunan torpaqlarımızın ciddi bir hissəsi şanlı ordumuz tərəfindən azad olunmuş və onların hər birində milli-mənəvi varlığımızın və dəyərlərimizin ifadəsi olan azan səslənir, üçrəngli bayrağımız dalğalanır. Torpaqlarımız tam şəkildə azad olunduqdan sonra ərazi bütövlüyümüzün təmin olunması fonunda orada dünənimizin, bu günümüzün və gələcəyimizin iftixarından ibarət tariximizin yaşadılması sahəsində böyük işlər görüləcəkdir. Bu ardıcıllıqda milli iqtisadiyyatımız üçün zəruri olan əsaslar mövcuddur.
Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkil olunması ümid və qürurumuzu daha da artırmaqdadır. Həmin tarixi sənəddə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılmışdır. Təsdiq olunan Fərmana əsasən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahlarının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, orada, davamlı islahatlar şəraitində milli iqtisadiyyat və onun uzunmüddətli perspektivləri üçün zəruri olacaq tədbirlərin görülməsi hədəflənmişdir. Burada bir çox zəruri tədbirlərlə yanaşı:
- kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;
- infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;
- kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi;
- kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi;
- fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi və digər məsələlər yer almaqdadır.
Beləliklə, xalqımız 30 ilə yaxın həsrətində olduğu torpaqlarına qovuşmaqdadır. Bu, həm də müasir müstəqillik tariximizdə əsası ulu öndərimiz böyük Heydər Əliyevin xalqımız və dövlətimiz üçün olan tarixi Qayıdışının yeni mərhələsidir. İndi Onun həmişəyaşar və dövlətçilik ideyalarının reallaşması əsasında müdrik Prezidentimizin rəhbərliyi ilə bizim torpaqlarımıza, torpaqlarımızın isə bizə Qayıdışının ifadə olunduğu mərhələ gerçəkləşir. Tarixi xilaskarlıqdan böyük Qələbəyə doğru olan bu dövr hamımız üçün mübarək olsun. Haqq işimizin nəticəsi olaraq, Qələbə çox yaxındır. Qarabağ Azərbaycandır!

Cavadxan Qasımov

İqtisad üzrə fəlsəfə doktoru, dosent

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !